Ordubad tarixi

Ordubad şəhərinin əsasının nə vaxt qoyulması elmə tam aydın olmadığı kimi bu şəhərin adının da mənşəyi tam olaraq aydınlaşdırılmamışdır. Bu toponimin necə yaranması ilə bağlı tədqiqatçıların müxtəlif fikirləri vardır. Bəzi tarixçilər toponimin mənşəyinin məlum olmadığını qeyd etmişlər. Onların fikrincə Ordubad sözünün müxtəlif dövrlərdə Orduvad, Ortvat, Urdubad, Ourdubad şəklində səslənmə formaları mövcud olmuşdur.
Əbülfəz Hüseyninin izahına görə isə şəhər əvvəllər "Ordubay" şəklində işlənmişdir. Mənası isə "Bəyin qalası" deməkdir. 
Tarixi inkişaf nəticəsində toponimin tərkibindəki "y" səsi "d" səsi ilə əvəzlənmiş və bugünkü "Ordubad" formasını almışdır.
Bəzi tədqiqatçıların fikrinə görə Ordubad 2 hissədən: "ordu" və "bad" sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, mənası "ordu yeri" deməkdir.
Qədim türk dillərində Ordubad oykonimi “iqamətgah", "qərargah","xan düşərgəsi" mənalarında işlənən "ordu" və "abad" (kənd yaşayış məntəqəsi) sözlərinin birləşməsindən ibarətdir. Coğrafi adın tərkib hissələrinin birləşməsi zamanı "abad" sözünün əvvəlindəki "a" səsi düşmüşdür. Keçmişdə şəhərin adı Orduvar şəklində də qeydə alınmışdır.
Mahmud Kaşğarlı “ordu" sözünün "xaqanın yaşadığı yer, mərkəz" mənasında izah etmişdir. Coğrafi adın tərkibindəki "ordu" sözünün "qoşun" mənası XIV əsrdən sonra yaranmışdır.
Tədqiqatçı Ə.Fərəzli Ordubad toponiminin izahını verərkən Ordubadın Atropat adını bu günədək özündə qoruyub saxlayan yer adlarından biri olduğunu qeyd etmişdir. 
O, toponimdə ordu ucalığından yox, "od ucalığından" söhbət getdiyini bildirmişdir. Odbad-Otbad-Atbad-Ortbad-Ord(u)bat-Otrbad-Atrbad-Atropat kimi tarixi inkişaf yolu keçmiş və günümüzdə "Ordubad" şəklində sabitləşmişdir. 
Filologiya üzrə elmlər doktoru, professor Y.Axundlu isə Ə.Fərəzlinin izahı ilə razılaşmayaraq, bunun əksi istiqamətdə inkişaf yolu keçdiyini qeyd etmişdir.Yəni Atrobat-Atrobad-Ortbad… nəhayət Ordubad.
Eramızdan əvvəl IV yüzillikdə yaranmış 
Atropatena dövləti daxilində, dövlətin banisi olan 
Atropatın adının verildiyi ərazinin olması ehtimalı bu izahın mümkünlüyünü göstərir.
Alim Əliqulu Fərəcov Ordubad şəhərinə həsr etdiyi 
tarixi-iqtisadi oçerkdə sözün mənşəyi ilə bağlı yazır ki, hərfi tərcümədə "ordu dayanacağı" və ya "düşərgə yeri" mənasını verməsinə baxmayaraq, yaşlı əhali sözün "Ordbehişt" adının təhrif olunmuş forması olduğunu təsdiq edir.

Ordubad rayonunun ərazisində miqyasına görə irili-xırdalı 100-dən artıq tarixi-memarlıq incəsənət abidələri və arxeoloji abidələr mövcuddur. Onların 30-dan çoxu dövlət tərəfindən qorunur.
Onlardan Ordubad şəhərindəki orta əsrlərə aid «Sərşəhər məscidi», «Anbars məscidi», «Qeysəriyyə», «Cümə məscidi», «Mingis məscidi», «Təkeşiyi məscidi», 48 kəhriz, XVI əsrin tarixi yadigarı olan hamam binası, «Nüsnüs piri», «Vənənd məscidi», XVIII əsrin yadigarı, qədim «İpək yolu»nun üzərində olan Aza körpüsü, XVI əsrin arxeoloji qalıqları olan «Xarabagilan» qoruğu, akademik Y. Məmmədəliyevin, böyük ədib M. S. Ordubadinin ev muzeyləri, Ordubad rayon Tarix Diyarşünaslıq muzey və s. mövcuddur.
Naxçıvan diyarında qədim insanın məskunlaşdığı əsas bölgələrdən biri olan Ordubad rayonunun ərazisi Daş dövründən başlayaraq orta əsrlərə qədərki abidələrlə zəngindir. Gəmiqaya qayaüstü təsvirləri dəniz səviyyəsində 3907 m yüksəklikdə yerləşən Qapıçıq zirvəsinin cənub və qərb yamaclarındakı Nəbiyurdu, Camışölən və Qaranquş yaylaqlarındadır. Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Dünya mədəniyyətinin nadir incisi Gəmiqaya ən qədim yaşayış məskənlərindədir. Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Qapıcıq dağının cənub-şərq yamacındakı Qaranquş yaylağı ərazisi Eneolit, Tunc və ilk Dəmir dövrlərində Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri idi. Elə həmin dövrlərdə burada iri qaya parçaları üzərində heyvan rəsmləri, ov və rəqs səhnələri, müxtəlif işarələr və damğalar həkk olunmuşdur. Gəmiqayada aşkar edilmiş (1968) qədim təsviri sənət nümunələri e. ə. VI-I minilliklərdə Azərbaycan ərazisində yaşamış qədim əhalinin həyat tərzini, dünyagörüşünü, adət-ənənələrini, dini-ideoloji və estetik təfəkkürünün inkişafını izləməyə imkan verir. Qaranquş yaylağında, Gilançay vadisində Naxçıvan tayfalarının qədim yurd yerləri, yaşayış məskənləri, nekropollar və ibadətgahlar vardır.
Tədqiqatlar nəticəsində e. ə. II minillikdə Gilançay vadisinin Arazboyu düzənliklərlə qovuşduğu ərazidə əhalinin daha sıx məskunlaşdığı müəyyənləşdirilmişdir. Burada e. ə. II-I minilliklərə aid Sabirkənd, Plovdağ, Xarabagilan, Şomudərə, Xalı-Kaşan, Mərdangöl və s. mədəniyyət qalıqları ilə zəngin yaşayış yerləri və nekropollar mövcuddur. Bu ərazilər Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay və Gilançay vadisində yaşamış qədim əkinçi-maldar tayfaların yaylaq yerləri olmuşdur. Ordubad rayonu ərazisində Gilan, Biləv, Parağa, Tivi, Nəsirvaz, Xurs və s. kəndlərdə də Tunc, ilk Dəmir dövrlərinə, antik dövrə, həmçinin erkən orta əsrlərə aid maddi mədəniyyət qalıqları mövcuddur. Biləv kəndi yaxınlığında, Gilançayın sol sahilində yerləşən abidə xalq arasında Babək qalası, Gəmiqayada Qaranquş yaylağındakı qəbiristanlıq isə babəklilərin qəbirləri kimi tanınır.
Hazırda Tarix-Diyarşünaslıq muzeyi yerləşən Qeysəriyyə memarlıq abidəsi ən nadir incilərdəndir. Özünün arxitektura xüsusiyyəti, ornamenti, kompozisiya quruluşu, tərtibatı ilə seçilən Qeysəriyyə həmişə diqqəti cəlb edən bir obyekt kimi nəzərə çarpıb.
Şəhərdəki XVI əsrin yadigarı abidə-hamam da qiymətli memarlıq incəsənət abidələrindəndir. Şəhərdəki Əfqan qalası görüşünə, tikinti üslubuna görə diqqəti cəlb edir.
Nüsnüs kəndində böyük ziyarətgaha çevrilmiş XVI əsrin yadigarı olan Qırxkimsənə piri son illərdə xeyli abadlaşdırılmışdır. Pirə gedən yollar tam qaydaya salınıb. Respublikamızın bir çox rayonlarından, hətta bəzi xarici dövlətlərdən bu ziyarətgaha gələnlər xoş təəssürat almışlar.
Dəstə, Vənəd, Əylis, Nüsnüs və başqa kəndlərdə olan abidə məscidlər də təkcə dini ziyarətgah baxımından deyil, tikinti arxitektura xüsusiyyətlərinə görə də seçilir. Ordubad şəhərində və Əylis kəndində bir sıra bulaq abidələr vardır ki, onlar da dövlət tərəfindən mühafizə olunan obyektlərdəndir. Şəhərdəki «Qırxayaq», «Nəhər», Əylis kəndindəki «Xan çeşməsi», «Meydan çeşməsi» və «Bazar çeşməsi» bu abidələr sırasına daxildir. Şəhərdəki «Mingis» qarşısında aşkar edilmiş 50 metr dərinliyi olan çeşmə də abidələr sırasına daxil edilmişdir. Ordubad şəhərində 600-dən yuxarı yaşı olan böyük çinar ağacları bura gələnləri valeh edir.
Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində müəyyən işlər görülmüşdür.
Rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır.

Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr haqqında məlumat

1990-1992-ci illərdə Ermənistanın işğalçılığı nəticəsində Ordubad rayonunun Kilit kəndi Ermənistanın Mehri rayonu ərazisindən top atəşinə tutularkən 35 yaşayış evi və çoxlu yardımçı binalar, məktəb, mağaza, məscid və bir neçə tarixi abidə dağılmışdır.