Ordubad folkloru

Naxçıvan Muxtar Respublikasının abidələrlə zəngin bölgələrindən biri də Ordubaddır. Yüzillik, minillik abidələr bu qədim şəhərin hüsnünə yaraşıqdır. Körpülər, arxeoloji abidələr, məscidlər, mədrəsələr, hamamlar, günbəzlər, qalalar, nekropollar, muzeylər... hərəsi bir dövrün, bir zamanın sorağını yaşadır özündə.  

Bir körpünün üstündən, bir çinarın kölgəsindən, bir dağın ətəyindən, bir abidənin yanından keçir Ordubada gedən yol. Qədim şəhərin mərkəzində  yüzillik  qocaman çinarların mehinin sığal çəkdiyi möhtəşəm bir abidə ilə qarşılaşırsan. Bərəkə dağına söykənən, görkəmi ilə Ordubadın tarixi haqqında ilk təsəvvür yaradan bu tikili sanki şəhərin üzük qaşıdır.  Söhbət əzəmətli və nadir memarlıq abidəsi olan, XVII əsrin yadigarı Cümə məscidindən gedir.  

Naxçıvan-Marağa memarlıq məktəbi üslubunda tikilən tarixi ziyarətgah 7 min nəfərlik tutuma malikdir. Səfəvi hökmdarı I Şah Abbasın Ordubad əhalisinin xəzinəyə ödədiyi vergilərdən azad olunması haqqında 1604-cü ildə verdiyi fərmanın mətni məscidin giriş qapısının baş tərəfində yerləşdirilmiş kitabəyə həkk olunub. 6 kiçik günbəzi olan məscid minarəsizdir. Ümumiyyətlə Ordubadda mövcud olan abidələr sırasında məscidlər çoxluq təşkil edir. Cümə məscidi isə təkcə ziyarətgah funksiyası daşımayıb. Vaxtilə burada dərslər keçirilər, ədəbi məclislər təşkil olunarmış. Hazırda minillik yaşı olan məsciddə təmir-bərpa işləri aparılır. Yaxın vaxtlarda bu əzəmətli və nadir memarlıq abidəsi yeni görkəmində Ordubada gələn hər kəsi ovsunlayacaq, şəhərin uca bir nöqtəsindən bərq vuracaq işıqları ilə gecəni nuruna qərq edəcək.

XVIII əsrə aid olan tarixi mədrəsə binası da bu məscidin yaxınlığında yerləşir. Zəmanəsinin məşhur təhsil ocaqlarından olan Ordubad mədrəsəsi ilkin memarlıq xüsusiyyətlərini saxlayaraq günümüzədək gəlib çatmış azsaylı mədrəsə binalarından biridir. Səfəvi hökmdarı Şah Sultan Hüseynin dövründə inşa edilən mədrəsə zamanında Ordubad şəhərinin sosial-siyasi  həyatında mühüm rol oynayıb. Ordubadın bir sıra görkəmli şəxsiyyətləri, o cümlədən Məhəmməd Tağı Sidqi və Məmməd  Səid Ordubadi bu mədrəsədə təhsil alıb.

Özünəməxsus quruluşu və tarixi abidələri ilə şəhərin özü də bir abidədir.  Bütün bunlar Ordubadın 1977-ci ildə Qoruq şəhər elan olunmasına səbəb olub. Qədim küçələri, dalanları, məhəllələri, çeşmələri, taqılbab və zəncirbabları olan taxta qapıları ilə özündə  tarix yaşadır bu qədim şəhər. Qoynundakı tikililərin, tarixi-memarlıq abidələrinin hər biri muxtar respublikadakı quruculuqdan pay alıb.

Came məscidinin yaxınlığında, Dübəndi çayının  sol sahilində yerləşən tarixi Qeysəriyyə binasına yol alırıq. Ölkə əhəmiyyətli bu abidə Səfəvi hökmdarı Şah Abbas zamanında tikilib. Vaxtilə bura şahlara məxsus daş-qaş və ləl-cavahiratların satıldığı üstüörtülü bazar, həmçinin idman yarışlarının keçirildiyi Zorxana binası olub. Burada pəhləvanlar, idmançılar güclərini sınayar, qalib gələn şahdan mükafat alarmış. XIX əsrin sonlarında Ordubadda fəaliyyət göstərmiş “Əncüməni-şüəra” ədəbi məclisinin yığıncaqları da bu tarixi məkanda keçirilər, Hacıağa Fəqir Ordubadi, Məhəmməd Tağı Sidqi, Qüdsi Vənəndi, Aşıq Abbas Dəhri, Usta Zeynal Nəqqaş və başqaları bu binaya cəm olaraq öz yazdıqlarını müzakirə edərmişlər.  Qeysəriyyə çar Rusiyası dövründə ipək emalı sexi olub.  Sovet hakimiyyəti illərində binanın bir tərəfi mağaza, anbar, digər tərəfi yeməkxana kimi istifadə olunub. 1981-ci ildən burada rayon tarix diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Ordubadın tarixini əks etdirən, arxeoloji tədqiqatlar nəticəsində tapılan mühüm elmi və tarixi əhəmiyyət kəsb edən eksponatlar tarixi Qeysəriyyə binasının bəzəyi, Ordubadın dünəni, uzaq keçmişidir.

Bu qədim şəhərin məişət mədəniyyətinin tarixini yaşadan buzxana abidəsindən vaxtilə insanlar müəyyən növ ərzaq məhsullarını saxlamaq üçün istifadə ediblər. XIV əsrə aid olan Ordubad buzxanası  Naxçıvanda ikinci qədim buzxanadır. Əsasən yay aylarında işlək olub. Belə ki,  istidən qorumaq məqsədilə şəhər əhalisi yeyinti məhsullarını, şəxsi azuqələrini bu tikilidə saxlayarmış. Tikintisi bişmiş kərpic və əhəng məhlulu ilə aparılan binanın daxili böyük otaqdan və zirzəmidən ibarətdir. Qış aylarında zirzəmiyə vurulan kəhriz suları buz bağlayar və buzun əriməməsi üçün aralarına saman tökülərmiş. Yay aylarında buradan çıxarılan bu vasitəsi ilə Ordubad əhalisinin buza olan tələbatı ödənilərmiş. Cümə məscidinin yaxınlığında yerləşən abidə 2014-cü ildə əsaslı şəkildə bərpa olunub.

Ordubadın bir çox böyük kəndlərində, eləcə də şəhərin özündə orta əsrlər dövründə hamamlar da tikilib. Bu tikililərin çoxu tarixin tozuna, torpağına qarışsa da, bəziləri bu gün də varlığını qoruyur. Şərq memarlıq üslubunda inşa olunan və hazırda tarixi memarlıq abidəsi kimi qorunan Ordubad hamamı insanların təmizlik və dincəlmək yeri olub.  Şəhərin Təbriz küçəsində yerləşən hamam XIX əsrdə bişmiş kərpiclə inşa olunub, geniş dəhliz, çayxana, soyunma və yuyunma otaqlarından  ibarətdir.  Bir  vaxtlar şəhər əhalisinin həyatında mühüm rol oynayan  və  ötən əsrin sonlarınadək istifadə olunan tarixi tikili 2009-cu ildə bərpa olunub.

Əslində Ordubadda olan çinarların da hərəsi bir abidədir.   Vənənddəki, Mingisdəki, Ambarasdakı qocaman çinarlar əsrlər, yüz illərdir ki, ucalığını saxlayır və əzəmətli görkəmi ilə görənləri ovsunlayır. Əsasən məscidlərin həyətindən ucalan bu minillik qoşaqanadlı ağac abidələr zamanın sərt küləklərinə sinə gərərək yaşayıb, qol–budaq atıb və beləcə bir abidə görkəmi alaraq tarixin şahidinə çevrilib.

Ordubadda mövcud olan abidələr sırasında kəhrizlər də yer alır. Buradakı qırxpilləli kəhrizlərin yaşı min ildən çoxdur. Hacı Abutalib, Hacı Tağı, Hacı Fəttah, Hacı Abbas, Dilbər çeşməsi, Mingis çeşməsi, Sərşəhər çeşməsi, Hamam çeşməsi, Nəhər çeşməsi, Əngəc çeşməsi və digər kəhrizlər tariximizin bir parçası, onların üzərindəki abidələr isə qədim memarlıq nişanələridir.

Şəhərin təxminən 16 kilometrliyində yerləşən qədim Xaraba-Gilan  arxeoloji abidəsi arxeoloqlarımız və tədqiqatçılarımız üçün hər zaman  böyük əhəmiyyətə malik olub. Naxçıvanda ilkin şəhər mədəniyyətinin  beşiyi olan bu abidə Plovdağ ərazisində 100 hektardan çox sahəni əhatə edir. Xaraba Gilan arxeoloji ekspedisiyasının burada apardığı tədqiqatlar nəticəsində antik dövrdə E.ə IV-III əsrlərdə Xaraba Gilanın ərazisində şəhər mədəniyyətinin olduğu müəyyən olunub.

Keçmişə yol salan körpülər tarixin bəzəyi, birlik, bütövlük rəmzidir. Ordubadda qədim körpülər çoxdur. Biləv körpüsü, Bist körpüsü və s. Lakin bu körpülərin ən möhtəşəmi I Şah Abbasın zamanında tikilən    Aza kəndi ilə Dar kəndi birləşdirən beş aşırımlı Aza körpüsüdür.  Möhtəşəm görkəmi, Gilançayın şaqraq axan sularının səsi ilə insanı  heyran edən Aza körpüsü təkcə Gilançayın sahillərini, kəndləri birləşdirməyib, həm də Hindistanı və Çini Qara dəniz və Avropa ölkələri ilə calayıb. Mühüm ticarət-karvan yolu üzərində salınan körpüdən keçən karvanlar  şərqdən-qərbə, qərbdən-şərqə doğru hərəkət edib, Ordubadın quru meyvələri, ipəyi, sənətkarlıq məhsulları xaricə daşınıb bu yolla. XVII əsrdə qırmızımtıl rəngli yonulmuş dağ daşından tikilən, aşırımlarında beş əsrin tarixini yaşadan körpü Xudafərin körpüsü ilə də oxşarlıq təşkil edir. 1997-ci ildə əsaslı təmir və bərpa olunan abidə bu gün də varlığını qoruyaraq insanların və nəqliyyat vasitələrinin gəliş-gedişini təmin edir.

Qapıcıq dağının ətəyində yerləşən, bu yurdun daş tarixini yaşadan   əsfanəvi Gəmiqaya abidələrini Naxçıvanın Qobustanı adlandırırlar. Dağların, qayaların sinəsinə sığınan, ən uca zirvələrdə qərar tutan bu abidə muzey içində muzey, füsunkar təbiətin qoynunda qeyri-adi bir gözəllikdir. Adı minillik tariximizə şahidlik edən Gəmiqaya ulu babalarımızın bizə ərmağan etdiyi bir incəsənət əsəri kimi özündə  xalqımızın daş yaddaşını yaşadır. Burada daşlar dil açıb danışır və  insanoğlunu əlindən tutaraq onu əsrlərin o üzünə, ibtidai insanların yaşadığı dövrə aparır. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında" Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb, "Gəmiqaya" Tarix-Bədii Qoruğu yaradılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanıb. 2013-cü ildə "Gəmiqaya" Tarix-Bədii Qoruğu və muzey üçün bina istifadəyə verilib.  Burada üstündə tarix, yazı, yaxud təsvir оlan hər bir daş vaxtilə yaşamış canlı bir insanın, tarixin оd-alоvları içərisində bizim gözəl tоrpağımızı hifz edən qurucu insanın daşlaşmış ürəyidir.

Kim bilir neçədir dünyanın yaşı,

Tarixin nə qədər yazısı vardır,

Hər saxsı parçası, hər məzar daşı

Nəsildən nəsilə bir yadigardır.

Hər daşı, kərpici tarix olan Ordubadın qədim binaları, hamamları, məscidləri, karvansaraları və saymaqla bitməyən tarixi tikililəri  keçmişin bizə qoyduğu bir yadigar,  bir nağıldır.  Bu  abidələrdən  tarixin ağlı-qaralı səhifələri vərəqlənir, xalqımızın həyat salnaməsi eləcə bir nağıl kimi oxunur.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə hər qarışında tarixi yaşadan gözəl Ordubadımızı gəzdikcə bir daha gördük ki, Ordubadı gözəlləşdirən təkcə yerləşdiyi coğrafi mövqeyi, təbiəti yox, həm də qoynundakı abidələrdir. Qədim Ordubadın müasir inkişafının fonunda ikinci ömürlərini yaşayan və tarixin qaranlıqlarına işıq saçan bu abidələrin nurlu şüaları altında, keçmişlə müasirlik əlaqələndirilir. Bu müdrik işə qol qoyanlar isə yaxşı bilirlər ki, tarix yadigarlarının  qorunması və gələcək nəsillərə ərmağan edilməsi bu gününmüzün və sabahımızın varlığıdır.