8 may tarixində Neft-Kimya Prosesləri İnstitutunda akademik Musa Rüstəmovun 95 illik yubileyi qeyd edildi

8 may tarixində Neft-Kimya Prosesləri İnstitutunda akademik Musa Rüstəmovun 95 illik yubileyi qeyd edildi

8 may 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycanın görkəmli kimyaçı alimi, "Şöhrət" ordenli, Azərbaycanın əməkdar elm xadimi, akademik Musa Rüstəmovun anadan olmasının 95 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

Tədbirdən öncə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, eləcə də bir qrup əməkdaş 2-ci Fəxri Xiyabanda akademik Musa Rüstəmovun məzarını ziyarət edərək, alimin əziz xatirəsini ehtiramla yad etdilər və məzarı üzərinə gül dəstələri düzdülər.

Yubiley tədbiri daha sonra Neft-Kimya Prosesləri İnstitutunun akt zalında davam etdirildi. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, akademik Musa Rüstəmovun və Vətən uğrunda canından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbiri institutun baş direktoru, akademik Vaqif Abbasov açaraq, akademik Musa Rüstəmovun Azərbaycan kimya elminin inkişafında müstəsna xidmətlərindən, onun zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söz açdı. Vaqif Abbasov qeyd etdi ki, Musa Rüstəmov təkcə alim kimi deyil, həm də pedaqoq, elm təşkilatçısı və ziyalı kimi böyük nüfuza malik bir şəxsiyyət idi.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev, professor Təranə Məmmədova, Tusi Xeyriyyə Cəmiyyətinin sədri Yahya Babanlı və akademikin oğlu İsmayıl Rüstəmov da Musa Rüstəmovun zəngin elmi fəaliyyəti və vətənə dərin bağlılığı barədə fikirlərini bölüşdülər. Onlar alimin müxtəlif dövrlərdə apardığı fundamental tədqiqatların bu gün də elmi dairələr tərəfindən yüksək qiymətləndirildiyini və gənc alimlər üçün nümunə olduğunu vurğuladılar.

Çıxışlarda həmçinin qeyd olundu ki, Musa Rüstəmovun rəhbərliyi ilə aparılmış tədqiqatlar neft-kimya sahəsində bir çox praktiki məsələlərin həllinə töhfə vermişdir, eyni zamanda onun yetirmələri bu gün də elmin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.

Tədbirin sonunda iştirakçılara akademikin həyat və fəaliyyətini əks etdirən slaydlar təqdim
olundu.

Yubiley tədbiri, alimin əziz xatirəsinin daim yaşadıldığını və onun elmi irsinin gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addımlar atıldığını bir daha nümayiş etdirdi.