Ordubad mətbəxi

Qədim tarixə və mədəniyyətə sahib olan Azərbaycan dünyada hər zaman öz mətbəxinin zənginliyi və fərqliliyi ilə də seçilib. Azərbaycan mətbəxi – mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Məmləkətimizdə süfrə mədəniyyətinə, ailə dəyərlərinə çox yüksək qiymət verilir. Keçmişdən bizə yadigar qalan dəyərlərdən biri də ailənin süfrəbaşına birlikdə əyləşməsidir. Bu ailə birliyi deməkdir.
Azərbaycan mədəniyyətində süfrə sərilməmiş stola çörək qoyulmaz, süfrə ətrafında xoş olmayan söhbətlər edilməz. Çörək “bismillah” ilə bölünər, süfrə şükürlə bükülər. Xalqımız çörəyə o qədər yüksək qiymət verir ki, duz-çörək kəsdiyi insanlara dost gözü ilə baxar, heç vaxt həmin insanlar haqqında mənfi düşüncədə olmaz. Azərbaycan xalqının bu qonaqpərvərliyindən, çörəyə verdiyi dəyərdən sui-istifadə edən mənfur qonşuları ermənilər bizimlə duz-çörək kəsib, bizim əzəli torpaqlarımızı işğal edib, tarixi abidələrimizi məhv ediblər. İlk dəfə bizim süfrəmizdə yedikləri yeməkləri belə özününküləşdirmək istəyirlər. Həmin, yeməklərdən biri də elə dolmadır. Azəbaycan milli mətbəxinin əsas xörəklərindən olan dolmanın isə 30-dan çox növü var.
Qeyd etmək istərdim ki, dolma sözünün etimologiyasını araşdırdıqda onun “tol” qədim türkcədə “doymaq, dolu olmaq” sözündən yarandığı ortaya çıxır və bu da erməni iddialarının boş olduğunu açıq-aşkar göstərir. Elə xarici ölkə vətəndaşlarının da ölkəmizin mədəniyyətinə, tarixinə, mətbəxinə olan heyranlıqları da günü-gündən artmaqdadır. Vətənimizdə olan turistlər mətbəximizə xas olan yeməklərdən dadmaq, hətta onların hazırlanma qaydasını öyrənmək istədiklərini bildirirlər. Sözsüz ki, belə zəngin, ləziz məxtbəx hamını cəlb edər.
Ən zəngin mətbəxə sahib olan bölgələrimizdən biri də Ordubaddır. Ümummilli liderimiz Heydər Əliyevin vurğuladığı kimi Ordubad Azərbaycanın incisidir.
Bu şəhər tarixiliyi, qədim memarlıq abidələri, füsünkar təbiəti ilə fərqlənir.
Tarixiliyi, memarlıq abidələri ilə fərqlənən Ordubad həm də mətbəxi ilə seçilir. Bildiyimiz kimi dolmalar yarpaq dolmaları və doldurma dolmalar olmaqla iki yerə bölünür. Milli mətbəximizə xas olan və doldurma dolmaların bir növü olan soğan dolması Ordubad mətbəxinə məxsusdur. Burada qaynadılmış, başı kəsilib içi çıxarılmış soğandan istifadə olunur. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və yanına darçın qatılmış qatıq qoyulur. Soğan dolması ləziz dadı ilə həmahəng olaraq insan orqanizmi üçün də çox faydalıdır.
Ordubadın ləziz təamlarından biri də qurutdur. Qurutu hazırlamaqdan ötrü yay aylarında qatıq və ya ayran torbada qatılaşanadək süzülür. Sonra ona duz vuraraq yumru topalar formasında gündə qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurut isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlula sarımsaq qatmaq və ya sarımsaqsız istifadə etmək olar. Daha sonra isə qızardılmış soğan və kəklikotu əlavə olunaraq hazırlanır. Alınmış məhlulu xəngəl, əriştə və s. xörəklərə əlavə edirlər. Qurutdan qurut aşı da bişirilir. Qurut pendir kimi də istifadə edilir.
Kalsiumla zəngin olan bu yemək qışda zəifləyən immuniteti gücləndirir, orqanizmi viruslardan qoruyur.
Ordubad mətbəxi maş şorbası, əriştəaşı, gupa kimi yeməklərlə də məşhurdur. Mətbəxin əsas xüsusiyyəti ondan ibarətdir ki, hazırlanan təamlar sağlamlıq üçün faydalı yeməklər olur və ləzzəti ilə insanı yeməyə sövq edir.
Ordubad mətbəxi özünün şirin təamları ilə də məşhurdur.
Xalq arasında belə bir deyim var, Ordubadda çay içdinsə, yemək yeməyə yer qalmır. Çayla bərabər verilən şirniyyatlar yeməklərə bərabər kaloriyə sahibdir. Ordubad qayğanağı da o sıradandır. Bu qayğanaqdan səhər bir dilim yedinsə, axşama qədər aclıq hiss etmirsən. Adətən, toylarda, qonaqlıqlarda, uşaq doğulanda hazırlanır. Ordubad qayğanağını Ordubad limonu olmadan təsəvvür etmək mümkün deyil. Ordubadda demək olar ki, hər evdə bu subtropik meyvə yetişdirilir. Buranın limonu dadına görə ağız büzməyən limon da adlanır.
Məclislərdə qayğanaq və limonun birlikdə olması ləziz qayğanaqdan dadanların təzyiq problemlərinin olmaması üçündür.
Azərbaycan xalqının humanistlik, qonaqpərvərlik kimi mənəvi dəyərləri yurdumuzda ən ali dəyərlər hesab olunur. Bu elə bir mədəniyyətdir ki, bu gün də qorunub, saxlanmaqdadır. Dünyaya Azərbaycandan, Qərbə Şərqdən nümunədir.