Tusi Cəmiyyəti haqqında

XX əsrin sonlarında mürəkkəb ictimai-siyasi, eyni zamanda iqtisadi-humanitar tarixi şəraitdə milli xeyirxahlıq günəş kimi doğan, ilk sivil yerli vətəndaş cəmiyyətlərindən biri olan “Tusi” Xeyriyyə Cəmiyyəti 30 mart 1991-ci ildə təsis edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin kollegiya iclasında 13 may 1991-ci ildə qeydiyyatdan keçmişdir.

Nizamnaməsində Cəmiyyətin mütərəqqi ruhlu, ictimai və demokratik bir təşkilat olduğu bildirilmişdir. Cəmiyyətin Ordubad, Culfa, Şahbuz, Zəngilan və Bakının Xətai rayonlarının inkişafı müvafiq ərazilərdə yerləşən tarixi abidələrin, su təchizatı və mövcud su/quyu yeraltı sistemlərinin bərpası, tibb və uşaq müəssisələrinin işinin yaxşılaşdırılmasına kömək göstərilməsi məqsədilə qeyd olunmuşdur. Cəmiyyətin Nizamnaməsi 2001-ci ilin 7 noyabr tarixində yenilənərək Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir.

Burada, Cəmiyyətin fəaliyyət istiqaməti kimi, Ordubad rayonunun sosial-iqtisadi inkişafına, tarixi-memarlıq abidələrinin qorunması və əhalinin işlə təmin olunmasına ölkə ictimaiyyətini cəlb etmək təsbit edilmişdir.

Cəmiyyət ötən dövr ərzində bir sıra xeyriyyə tədbirləri reallaşdırıb, himayədarlıq layihələri icra edib və Ordubad rayonunda kəhrizlərin restavrasiyasını həyata keçirib.

Hal-hazırda “Tusi” Xeyriyyə Cəmiyyəti vətəndaş cəmiyyəti institutu kimi yeni mərhələdə öz Nizamnamə məqsədlərinə uyğun olaraq fəaliyyətini davam etdirir. Azərbaycanın dünyaca məşhur olan dahi mütəfəkkirlərindən biri Nəsirəddin Tusinin nisbəsini öz adına həkk etdirən Cəmiyyət xeyirxah əməllərə və maarifçi amallara xidmət edən, təəssübkeş və vətənpərvər insanları bir araya gətirən, milli və bəşəri xüsusları qoruyub-saxlayan ictimai birlikdir.

Cəmiyyət üçün Ordubadın unikal insan kapitalının, eyni zamanda qədim və zəngin tarixi, memarlıq və arxeoloji abidələri, maddi və mənəvi dəyərlərini, spesifik adət-ənənələrini, habelə füsunkar eko-turizm imkanları, ləziz mətbəxinin tanıdılması və təbliğ edilməsi əsas prioritetlərdəndir.

“Tusi” Xeyriyyə Cəmiyyəti ilkin məqsəd və vəzifələrinə sadiq qalaraq indi də Ordubad elinin özünəməxsusluqlarının, Naxçıvan diyarının əlverişli imkanlarının, bütövlükdə Odlar Yurdu Azəbaycanın milli xüsusiyyətlərinin tanıdıb-təbliğ olunmasına töhfə verməyi özünün başlıca missiyası hesab edir.

“Tusi” Xeyriyyə Cəmiyyətinə əslən Ordubad rayonundan olan Azərbaycanın tibb sahəsində,elm-təhsil, sosial-mədəni həyatında xüsusi dəsti-xətləri ilə sayılıb-seçilən nüfuzlu ziyalılar rəhbərlik etmişdir.

  • - Rəhim Nurməmməd oğlu Rəhimov (1991-2002)
  • - Babaxan Sultan oğlu Muradov (2002-2009)
  • - Ramiz Əvəz oğlu Babayev (2009-2020)
  • - Yəhya Məmməd oğlu Babanlı (2020-hal-hazırda)

Qeyd: məlumata görə, XIV əsrdə Nəsirəddinin nəvə-nəticələri Marağadan Ordubada köçmüşlər, orada Ordubadilər sülaləsinin əsasını qoyublar. Səfəvilər dövründə onlar bir sıra dövlət vəzifələrində çalışmışlar.

Hal-hazırda həm Azərbaycan Respublikasında, həm də İran İslam Respublikasında Nəsirəddin Tusinin çox sayda varisləri yaşamaqdadır.