Rəhim Rəhimovun 100 illiyi ilə bağlı tədbir keçirildi - FOTO

Rəhim Rəhimovun 100 illiyi ilə bağlı tədbir keçirildi - FOTO

Yaşadığımız 2023-cü ildə görkəmli həkim, rentgenoloq –klinsist, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Rəhim Rəhimovun anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə ölkənin tibb və elm ocaqlarında, o cümlədən müxtəlif ictimai təşkilatlarda yubiley tədbirlərinin keçirilməsi planlaşdırılır.
 
Belə tədbirlərdən birincisi 28 yanvar saat 15:00-da “Arion Otel Baku”nun konfrans zalında, görkəmli akademikin də yaradıcısı olduğu “Tusi” Ordubad Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil edildi. “Bir Bütöv İnsan portreti” adlanan “dəyirmi masa” formatlı tədbirdə görkəmli elm adamları, həkimlər, akademikin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdi. Dəyirmi masanı giriş sözü ilə açan “Tusi” Xeyriyyə Cəmiyyətinin sədri Yəhya Babanlı Rəhim Rəhimovun həyatı və elmi fəaliyyəti haqqında çıxış etdi. Natiq, mərhum akademikin Azərbaycan səhiyyəsi üçün tibb üzrə elmi tədqiqat, təşkilati-metodik, eləcə də elmi kadrların və yüksək ixtisaslaşmış praktik həkimlərin hazırlanmasındakı rolundan, professorun dəst-xətti və imzasından danışdı. Daha sonra tədbir iştirakçılarına görkəmli Akademikin həyat yolundan bəhs edən “Bir Bütöv İnsan Portreti” adlı qısa film təqdim edildi.
 
 
Tədbirdə akademikin müasirləri, tələbələri və Onu şəxsən tanıyan insanlar çıxış edərək, Rəhim həkim haqqında xatirələrini və düşüncələrini bölüşdülər. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan Rəhim Rəhimov keçmişini unutmayan, gələcək nəsillərə örnək bir insan olması, el-obasına bağlı, insanlardan diqqət və qayğısını əsirgəməyən, ordubadlılar arasında da böyük rəğbət qazanmış, əsl el sevgisi qazanmış böyük ziyalılardan biri olduğu, mərhum akademikin dünya tibb elminə töhfələr verdiyi və ölkə sərhədlərindən çox uzaqlarda da sevilərək tədqiq olunduğu fikirləri, çıxış edənlərin əsas qeyd etdiyi nüanslar oldu. “Dəyirmi masa” iştirakçıları o cümlədən akademik Rəhim Rəhimovun dünyaya xüsusi missiya üçün gəlmiş, seçilmiş nadir insanlardan biri olduğunu, professorun hər zaman atdığı nümunəvi addımları ilə dövləti və xalqı qarşısında öz xidmətini yerinə yetirdiyini vurğuladılar.
 
Daha sonra tədbir iştirakçıları Rəhim Rəhimovun adının doğulduğu Ordubad rayonunda əbədiləşdirilməsi üçün təkliflər irəli sürdülər. Aşağıdakı 3 təklif dəyirmi masa iştirakçıları tərəfindən bəyənilərək, müvafiq işlərin aparılması və Tusi Xeyriyyə Cəmiyyəti tərəfindən lazımi orqanlara müraciətlər edilməsi qərara alındı:
 
1. Ordubad şəhərində Akademik Rəhim Rəhimovun ev muzeyinin yaradılması.
2. Ordubad şəhərində Akademik Rəhim Rəhimov adına küçənin verilməsi
3. Ordubad Şəhər Xəstəxanasına Akademik Rəhim Rəhimovun adının verilməsi.
 
Tədbirin sonunda Rəhim Rəhimovun övladları, tanınmış həkimlər Nurməmməd və Çingiz Rəhimovlar da çıxış edərək öz xatirələrini bölüşdü, tədbirin təşkilatçılarına və iştirak edən hər bir kəsə təşəkkürlərini çatdırdılar.
 
 
Sonda bir daha qeyd edildi ki, Rəhim Rəhimovun öz təmiz vicdanı, gözəl əməlləri, zəhməti və xeyirxahlığı ilə yaratdığı müfəssəl və mükəmməl “Bir Bütöv İnsan Portreti” əbədi yaşayacaq.