Cəmi 37 illik ömrünə silinməz izlər sığdıran, sarsılmaz prinsipiallığı, peşəkarlığı və dövlətçilik amalına sadiqliyi ilə seçilən jurnalist, demokratik media qurucusu, mübarizənin önündə gedən Mirzə Əsgərov müstəqillik uğrunda Azərbaycan mətbuatının unudulmaz simalarındandır. Azərbaycan Mətbuat Şurasında “Tusi” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə Mirzə Əsgərovun anadan olmasının 70 illiyinə həsr edilmiş “Həqiqətin keşiyində bir ömür” adlı dəyirmi masada bu barədə geniş söhbət açılıb.
Yubiley toplanışında Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, tanınmış jurnalistlər, ictimai xadimlər, Mirzə Əsgərovun ailə üzvləri və yaxınları iştirak ediblər. Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid Mirzə Əsgərovun Azərbaycan jurnalistikasında xüsusi yeri olduğunu vurğulayaraq bildirib ki, o, uzun illər peşə fəaliyyətində obyektivlik, vicdanlı mövqe, peşəkarlıq və həqiqətə sədaqət prinsiplərinə sadiq qalıb: “Bu gün onun irsi, milli informasiya siyasətinin formalaşmasına verdiyi töhfələr və dövlətçilik naminə göstərdiyi xidmətlər Mirzə Əsgərovun adını müstəqillik dövrü Azərbaycan mediasının görkəmli simaları sırasında əbədiləşdirib”.
Bildirilib ki, Mirzə Əsgərov qısa, lakin mənalı ömür yaşayıb. 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Dövlət İdarəçilik Akademiyası), Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, Moskvada Mətbuat İşçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu “Jurnalist sənətkarlığı” üzrə bitirib. 1983-cü ildə Bakı Dərin Dəniz Özülləri Zavodunun “Xəzər-Kaspi” qəzetinə baş redaktor təyin olunub. Onun peşəkarlığı, işgüzarlığı sayəsində bu qəzet böyük nüfuz qazanıb, dəfələrlə respublika müsabiqələrində qalib olub, mükafatlara layiq görülüb.
“Tusi” Xeyriyyə Cəmiyyətinin sədri, professor Yəhya Babanlı qeyd edib ki, belə yubiley tədbirləri görkəmli media nümayəndələrinin irsinin yaşadılması və gələcək nəsillərə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. “Mirzə Əsgərov ömrünü bütünlüklə mətbuat aləminə həsr edib. O yaxşı bilirdi ki, jurnalistin ən böyük üstünlüyü yalnız istedad deyil, daim yenilənən bilik və peşəkarlıqdır”.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, tanınmış yazıçı Xeyrəddin Qoca, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, “Xalq qəzeti” baş redaktorunun 1-ci müavini Hümbət Musayev, Yeni Azərbaycan Partiyası (YAP) Səbail və Binəqədi rayon təşkilatının sədrləri Muxtar Nağıyev və Vüsar İsmayılov, Əməkdar jurnalistlər Etibar Babayev və Namiq Əhmədov, MŞ İdarə Heyətinin üzvləri – Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin üzvü Əli Əliyev, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, professor Aydın Mehdiyev və başqaları çıxış edərək, M.Əsgərovu peşəkar jurnalist, əsl vətənpərvər və təəssübkeş ziyalı kimi səciyyələndirən cəhətləri diqqətə çatdırıblar.
Çıxışlarda Mirzə Əsgərovun ictimai fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri, vətəndaş mövqeyi və xalqa bağlılığından bəhs edilib. Xatırlanıb ki, o, 1987-ci ildən taleyini Azərinforma (indiki AZƏRTAC) bağlayıb. Agentliyin Muğan bölgəsi, Naxçıvan Muxtar Respublikası üzrə müxbiri olub.
Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışından sonra muxtar respublikada baş verən inqilabi dəyişikliklər, yeniliklər ovaxtkı Azərbaycan rəhbərliyi tərəfindən qısqanclıqla qarşılanırdı. Sifarişlə qərəzli məqalələr yazılır, Naxçıvanla bağlı həqiqətlər məqsədli şəkildə təhrif edilirdi. İctimai-siyasi təbəddülatlarla dolu həmin çətin şəraitdə Mirzə Əsgərov AZƏRTAC-ın Naxçıvan müxbiri kimi obyektiv və peşəkar fəaliyyət göstərirdi. Ümummilli liderlə tez-tez görüşür, yaranmış problemlər barədə ona məlumat verir, məsləhətlər alırdı. Muxtar respublikanı informasiya blokadasından çıxarmaq məqsədilə 1992-ci ildə Ümummilli liderin təşəbbüsü və xeyir-duası ilə o, “Real” informasiya agentliyini və “Naxçıvan” qəzetini təsis edib. Bununla da Naxçıvanda müstəqil media düşüncəsinin institusional əsasları qoyulub.
Dəyirmi masada qeyd olunub ki, Mirzə Əsgərov məşhur “91-lər” sırasında yer alaraq YAP-ın yaradılması prosesində fəal iştirak edib. Bu, sadəcə, siyasi seçim deyildi, onun dövlətçiliyə, milli maraqlara sədaqətinin və Azərbaycanın gələcəyinə olan inamının ifadəsi idi.
Mirzə Əsgərov jurnalistikanı yalnız informasiya yaymaq vasitəsi kimi deyil, cəmiyyətin vicdanı və dövlətçiliyin mühüm dayaqlarından biri kimi qəbul edirdi. Azərbaycan milli mətbuatının inkişafındakı xidmətləri dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. O, “Həsən bəy Zərdabi”, “Qızıl qələm”, “Dan ulduzu” mükafatlarına, Hacı Zeynalabdin Tağıyev adına “Fəxriyyə” diplomuna layiq görülüb. Onun fəaliyyəti bu gün də peşəkarlıq, prinsipiallıq və vətəndaş məsuliyyəti nümunəsi kimi dəyərləndirilir.
Onun ən böyük mükafatı insanların etimadı idi. Bu etimadın ən parlaq ifadələrindən biri Ulu öndərin Mirzə Əsgərov haqqında söylədiyi fikirlərdir. 1994-cü ildə Fransaya rəsmi səfəri ərəfəsində telejurnalistlərlə görüşü zamanı Ümummilli lider onun cəsarətini, əqidəsinə sədaqətini və peşəkarlığını yüksək qiymətləndirərək demişdi: “Bütün jurnalistlərə və qələm sahiblərinə Mirzə Əsgərov kimi cəsarətli, əqidəli, sadiq olmağı tövsiyə edirəm. Belə insanlardan nümunə götürmək lazımdır”.
Natiqlər Mirzə Əsgərovun ömrünü həqiqətin, obyektiv sözün və milli mətbuatın inkişafına həsr etdiyini, ən mürəkkəb dövrlərdə belə peşə prinsiplərinə sadiq qaldığını bildirərək onun zəngin irsinin gələcək jurnalist nəsilləri üçün dəyərli məktəb olduğunu vurğulayıblar. Tədbirdə Mirzə Əsgərovun ömür yolundan və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda Mirzə Əsgərovun ailəsi adından oğlu Araz Əsgərov söz alaraq yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Mətbuat Şurasına, “Tusi” Xeyriyyə Cəmiyyətinə, eləcə də tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını ifadə edib.
Tədbirdə bir qrup media nümayəndəsinə Azərbaycanda mətbuatın inkişafındakı və cəmiyyətin maarifləndirilməsi sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə “Tusi” Xeyriyyə Cəmiyyətinin “Jurnalist Mirzə Əsgərov adına Fəxri Diplomu” təqdim olunub.
