İdarə Heyətinin sədri tələbə adını qazanan həmyerlilərimizlə görüşdə iştirak edib

İdarə Heyətinin sədri tələbə adını qazanan həmyerlilərimizlə görüşdə iştirak edib

“Dırnıs” Xeyriyyə Cəmiyyəti 2026–2027-ci tədris ilində ali məktəblərin bakalavriat, magistratura və doktorantura pillələrinə qəbul olaraq tələbə adını qazanan həmyerliləri ilə ənənəvi görüş keçirib.

Görüşdə “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlı, ziyalılar, dövlət və ictimaiyyət nümayəndələri, kənd sakinləri, müəllimlər, tələbə gənclər və digər qonaqlar iştirak ediblər.

Vətəndaş mövqeyi və ictimai fəallığı ilə seçilən Rayet İmaməliyev tədbiri açıq elan edib. Əvvəlcə cəmiyyətin fəaliyyətində iştirak etmiş, artıq aramızda olmayan həmyerlilərimizin və müəllimlərimizin əziz xatirəsi yad edilib. Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Dırnıs” Xeyriyyə Cəmiyyətinin sədri Səfər Hüseynov, dilçi-alim, professor Adil Babayev, təhsil qurucusu, professor Fəxrəddin Məmmədov, şəhid kapitan Vüqar Nəcəfovun atası Aydın Nəcəfov, tarixçi-alim Kamran İsmayılov, BDU-nun müəllimi, tədqiqatçı-alim, seysmoloq Elnarə Əhmədova çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayıblar. Çıxışlarda gənclərə bilik və təhsillə yanaşı, milli-mənəvi dəyərlərə bağlılıq, vətəndaş məsuliyyəti və ictimai fəallıqla bağlı dəyərli tövsiyələr verilib.

Milli Məclisə 6 saylı Ordubad–Culfa seçki dairəsindən deputat seçilmiş Vüqar Rəhimzadə də çıxışında tələbə adını qazanan gəncləri təbrik edib. O, gənclərin Vətənə daim sədaqətli olmalarının, tələbəlik illərində ictimai həyatda fəal iştirak etmələrinin, biliklə yanaşı, müasir bacarıqlara yiyələnmələrinin vacibliyini vurğulayıb.

“Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlı çıxışında “Dırnıs” Xeyriyyə Cəmiyyətinin həyata keçirdiyi nəcib missiyanın xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, artıq ənənəyə çevrilmiş bu xeyriyyəçilik nümunəsi yalnız gənclərə maddi dəstək göstərməklə məhdudlaşmır, eyni zamanda onları elmə, təhsilə və cəmiyyətə faydalı olmağa təşviq edir.

Yəhya Babanlı belə təşəbbüslərin nəsildən-nəslə ötürülməsinin vacibliyini vurğulayaraq deyib:
“Bu, həm Azərbaycan, həm də Ordubad üçün nümunəvi xeyriyyəçilik fəaliyyətidir. Eyni zamanda, yeni nəslin təhsilə və elmə yönəlməsinə xidmət edən mühüm bir örnəkdir. Xeyriyyəçilik yalnız maddi yardım göstərmək deyil, insanın gələcəyinə, xüsusilə də gəncin təhsilinə və inkişafına sərmayə qoymaqdır.”
O, Ordubad ictimaiyyətinin tarixən elmə və təhsilə böyük maraq göstərdiyini qeyd edərək tələbə gənclərə bu ənənəni davam etdirməyi tövsiyə edib. Yəhya Babanlı gənclərin milli-mənəvi dəyərlərə, müqəddəs Vətənə bağlı olmalarının, öz bilik və bacarıqları ilə Azərbaycanın inkişafına töhfə vermələrinin vacibliyini diqqətə çatdırıb.

Natiq Ümummilli Lider Heydər Əliyevin Ordubadı “Azərbaycanın incisi” adlandırdığını xatırladaraq gənclərin bu qədim və zəngin tarixə malik diyara layiq vətəndaş kimi yetişmələrinin mühüm olduğunu bildirib.
Yəhya Babanlı tədbirdə “Tusi” Xeyriyyə Cəmiyyəti tərəfindən nəşr olunan, Azərbaycanın qəhrəman övladlarından bəhs edən “Ordubadın Qəhrəmanlıq Dastanı” və Azərbaycan Respublikasında “Memarlıq və Şəhərsalma İli” çərçivəsində yenidən çap edilmiş “Ordubad – mənbələr və formalaşması” kitablarını tələbə gənclərə hədiyyə edib.

O, bu nəşrlərin gənc nəslin tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və vətənpərvərlik ruhunun formalaşmasına mühüm töhfə verdiyini, həmçinin dövlət siyasətinin ideoloji istiqamətləri ilə səsləşdiyini vurğulayıb.

Tədbir çərçivəsində “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin müvafiq qərarı ilə “Azərbaycanda xeyriyyəçilik institutunun inkişafına mühüm töhfəyə görə” Səfər Hüseynov və Rayet İmaməliyev Fəxri Diplomla təltif olunublar.

Daha sonra tələbələr adından Hüseynli Eltac Cabir qızı çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, gənclərin bu xeyirxah ənənəyə sadiq qalacaqlarını və gələcəkdə öz növbəsində cəmiyyətə faydalı olmağa çalışacaqlarını ifadə edib.

Sonda “Dırnıs” Xeyriyyə Cəmiyyəti tərəfindən tələbə adını qazanan gənclərə qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.

Tədbir iştirakçıların iştirakı ilə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.