Hörmətli cənab Prezident,
Ordubad ictimaiyyətini təmsil edən “Tusi” Xeyriyyə Cəmiyyəti olaraq Naxçıvan Muxtar Respublikası ərazisində 40 ədəd, o cümlədən Ordubad rayonu üzrə 7 ədəd subartezian quyusunun qazılması ilə bağlı imzaladığınız Sərəncamı dərin minnətdarlıq hissi ilə qarşıladığımızı ali diqqətinizə çatdırırıq.
Qəbul edilmiş qərar Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi islahatların məntiqi davamı olmaqla, Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanın incisi kimi dəyərləndirilən Ordubadın dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir. Layihənin icrası regionda su ehtiyatlarının artırılmasına, əhalinin keyfiyyətli içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, eləcə də müvafiq sahədə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Eyni zamanda, təsdiq etdiyiniz “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” çərçivəsində reallaşdırılan bu təşəbbüs su resurslarının rasional idarə olunması istiqamətində dövlət siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha nümayiş etdirir. Qərar qədim diyarımızın sakinləri tərəfindən böyük rəğbət və məmnunluqla qarşılanmışdır.
Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə daim uğurlar arzulayırıq. Rəhbərliyinizlə ölkəmizin davamlı inkişaf edəcəyinə, regionlarımızın daha da abadlaşacağına və strateji əhəmiyyətli nəqliyyat-kommunikasiya layihələrinin uğurla reallaşacağına inamımızı ifadə edirik.
Hörmətlə,
Yəhya Babanlı
“Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin sədri
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu.
