Dövlət Başçısı İlham Əliyevin Ordubad İnternat-Məktəb Kompleksinin Açılışındakı Nitqi

Dövlət Başçısı İlham Əliyevin Ordubad İnternat-Məktəb Kompleksinin Açılışındakı Nitqi

- Əziz bacılar və qardaşlar!

Sizin hamınızı ürəkdən salamlayıram, bu gözəl internat 

məktəbinin açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl məktəbdir. Həm oxumaq üçün, həm də yaşamaq, istirahət etmək, idmanla məşğul olmaq üçün hər cür şərait var. Ona görə əminəm ki, uşaqlar burada çox yaxşı oxuyacaqlar, bilikli olacaqlar və böyüyəndə doğma vətənimizin hərtərəfli inkişafına öz dəstəyini verəcəklər. 

Bu məktəbin ikinci mərtəbəsində şərəf lövhəsində ulu öndər Heydər Əliyevin qiymət cədvəli nümayiş etdirilir. Bu, uşaqlar üçün, yaxşı oxumaq üçün ən gözəl örnəkdir. Çünki ulu öndərin bütün fənlərdən qiymətləri “əla”dır. Bütün uşaqlar bunu örnək kimi götürməli və öz milli liderinə oxşamalı, buna çalışmalıdırlar. Biz hamımız bunu etməliyik və edirik. Bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir. Azərbaycan müstəqil ölkə kimi möhkəmlənir, güclənir, öz siyasi və iqtisadi potensialını artırır. Biz bunu Naxçıvanın timsalında, Ordubadın timsalında görə bilərik. Hər yerdə inkişaf var. Yeni binalar tikilir, yeni gözəl məktəblər, sənaye müəssisələri tikilir, yollar çəkilir, abadlıq işləri gedir. Abadlıq işləri, demək olar ki, bütün Azərbaycanda çox geniş vüsət alıbdır. İqtisadi potensial möhkəmlənir, büdcə xərcləri artır, yeni iş yerləri açılır. Əlbəttə ki, insanların həyat səviyyəsi də yaxşılaşır və bundan sonra daha da sürətlə yaxşılaşacaqdır. Maaşlar, pensiyalar, sosial müavinətlər mütəmadi qaydada artırılır. Eyni zamanda, iqtisadi potensialın möhkəmlənməsi üçün geniş iqtisadi islahatlar aparılır. Əgər bu islahatlar aparılmasa, Azərbaycanda geniş quruculuq, abadlıq işləri görmək də mümkün olmayacaqdır. Çünki biz bunu öz daxili imkanlarımız hesabına edirik. Ulu öndər Heydər Əliyevin başladığı və uğurla davam etdirilən inkişaf, iqtisadi siyasət nəticəsində bu imkanları əldə edirik. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi nəticəsində bunu edirik. Budur bizim əsas güc mənbəyimiz, iqtisadiyyata təkan verən əsas amillər.

Bununla bərabər, gözəl ictimai-siyasi mühit, gözəl ab-hava, Azərbaycanda sabitliyin möhkəmlənməsi, qorunub saxlanması, əmin-amanlıq, sülh – bunlar da çox qiymətlidir. Azərbaycan müstəqil ölkə kimi 15 ildir ki, yaşayır. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır, çox çətin keçirdi. Azərbaycan böyük çətinliklərlə, təhlükələrlə üzləşmişdi. Eyni zamanda, Naxçıvanda da vəziyyət çox ağır idi və faktik olaraq, blokada şəraitində yaşayan Naxçıvanın gələcəyi də şübhə altında idi. Erməni işğalçıları Naxçıvana hücum etməyə cəhd edirdilər. Amma naxçıvanlılar öz liderinin rəhbərliyi ilə bütün bu cəhdlərə imkan vermədi, erməniləri yerinə oturtdu və Naxçıvanı qoruya bildilər.

Bu, böyük tarixi nailiyyətdir. 1990-93-cü illərdə çətin, ağır şəraitdə Heydər Əliyev naxçıvanlılarla birlikdə burada yaşamışdır, muxtar respublikaya rəhbərlik etmişdir. Onun təşəbbüsü ilə, səyləri nəticəsində “Ümid körpüsü” tikilmiş və demək olar ki, Naxçıvan blokadadan çıxmışdı. Ondan sonrakı illərdə, Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün səylərini ona sərf etmişdir ki, Azərbaycan xaosdan, böhrandan çıxsın, sabitliyə, inkişafa qədəm qoysun.

Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkədir. Bizim iqtisadi göstəricilərimiz dünyanın heç bir ölkəsində yoxdur. İqtisadiyyatımız bu il 34 faiz artıbdır və bu, dünyada ən birinci göstəricidir. Biz çalışırıq və çalışmalıyıq ki, bu gözəl iqtisadi göstəriciləri insanların gündəlik həyatında əks etdirək. Hər bir vətəndaş daha da yaxşı yaşasın, işlə təmin olunsun, daha gözəl şəraitdə işləsin, uşaqlar yaxşı məktəbdə oxusunlar, insanlar xəstəxanada yaxşı tibbi xidmət alsınlar. Onu da deməliyəm ki, dünən Naxçıvanda, demək olar ki, ən yüksək dünya standartlarına cavab verən böyük diaqnostika-müalicə mərkəzi açılmışdır. Bunun bölgədə, Cənubi Qafqazda və bəlkə başqa qonşu ölkələrdə də analoqu yoxdur. Ən yüksək səviyyəyə uyğundur. Budur bizim siyasətimiz, budur Heydər Əliyevin qoyub getdiyi siyasət. Bu siyasət yaşayır. Heydər Əliyev bizim ürəyimizdə, qəlbimizdə, işlərimizdə yaşayır. Onun başladığı və bizim tərəfimizdən davam etdirilən işlərdə, layihələrdə yaşayır. Bu layihələr bütün bölgəyə dəyişiklik gətirir. Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə iqtisadi və yaxud da ki, enerji layihəsi deyildir. Bu, böyük transmilli, iqtisadi və siyasi layihədir ki, bundan sonra uzun müddət, onilliklər ərzində Azərbaycanın sürətli və uğurlu iqtisadi inkişafını təmin edəcəkdir. Enerji təhlükəsizliyini təmin edəcək, müstəqilliyimizi möhkəmləndirəcəkdir.

Müstəqilliyi bərpa etmək Azərbaycan xalqının böyük nailiyyətidir. Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir. Ancaq müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək, əbədi, dönməz etmək daha çətin işdir. Azərbaycanın müstəqilliyi o deməkdir ki, biz müstəqil siyasət aparırıq. Biz Azərbaycan xalqının milli maraqlarını müdafiə edirik. Bu maraqları hər şeydən üstün tuturuq və istər xarici siyasət, istərsə də daxili siyasət, iqtisadi, sosial siyasət olsun, biz, bütün sahələrdə siyasətimizi özümüz müəyyən edirik. Bunu etmək üçün, müstəqil ölkə kimi yaşamaq və müstəqilliyin bəhrəsini görmək üçün mütləq iqtisadi güc lazımdır. Bu iqtisadi gücü biz yaradırıq və bu məktəbin timsalında da bunu görürük. Əgər iqtisadi imkanımız olmasaydı, bu məktəb nəyin hesabına tikilərdi? Yaxud da ki, xəstəxanalar, yollar, müəssisələr? Ancaq və ancaq iqtisadi potensialın möhkəmlənməsi nəticəsində! Onun da təməli 1994-cü ildə qoyulmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulmuşdur və indi Azərbaycan xalqı onun bəhrəsini görür və bundan sonra da görəcəkdir.

Naxçıvanın büdcəsi, - mən dünən bunu qeyd etdim, - son dörd ildə beş dəfə artıbdır. Yəni beş dəfə çox işlər görmək, beş dəfə çox məsələlər həll etmək olar. Azərbaycanın büdcəsi dörd dəfə artmışdır və bu, arta-arta gedəcəkdir. Növbəti illərdə daha da böyük həcmdə vəsait əldə olunacaqdır. Bizim iqtisadi islahatlarımız uğurlar gətirir, insanlarımızın həyat səviyyəsi yaxşılaşır və yaxşılaşmalıdır. İndiki səviyyə bizi qane edə bilməz. Amma müsbət meyil var. İldən-ilə minimum əmək haqqının, pensiyaların artırılması, yoxsulluq içərisində yaşayanların sayının kəskin şəkildə azalması, yeni iş yerlərinin açılması və bununla bərabər, uğurlu neft strategiyamız – budur Azərbaycanın gələcəyini şərtləndirən amillər. 

Biz ölkəmizdə böyük işlər görürük və görəcəyik. Azərbaycanın beynəlxalq mövqelərini də möhkəmləndiririk. Daxili ictimai-siyasi vəziyyət də çox müsbətdir, çox sabitdir. Belə olan halda, Azərbaycanın gələcəyi çox parlaqdır. 

Naxçıvanın uğurlu inkişafı məni xüsusilə sevindirir. Muxtar respublikanın rayonlarının abadlaşması, yeni-yeni binaların tikilməsi, iş yerlərinin açılması Naxçıvanı möhkəmləndirir. Naxçıvanın yaşaması üçün bütün infrastruktur layihələri həyata keçirilir. Uzun fasilədən sonra qazın verilməsi təmin olunubdur. İndi mən Vasif Talıbovdan soruşdum, deyir ki, Ordubada da təbii qazın verilməsinə başlanmışdır. Növbəti mərhələdə təbii qazın artırılması nəzərdə tutulur. Dünən elektrik stansiyası istismara verilmişdir və artıq Naxçıvan enerji baxımından özünü təmin edəcəkdir. Yeni elektrik stansiyalarının, su elektrik stansiyalarının tikintisi nəzərdə tutulubdur. O cümlədən Ordubadda nəzərdə tutulur ki, burada enerji problemi tamamilə aradan qaldırılsın. Bütün bunlar imkan verir ki, iqtisadi inkişaf sürətlə davam etsin və insanlar daha da yaxşı yaşasınlar. 

Mən çox şadam ki, Naxçıvanda və muxtar respublikanın bütün rayonlarında uğurlu inkişaf gedir. Mən hər il Naxçıvana gəlirəm, vəziyyətlə maraqlanıram və öz gözümlə görürəm ki, ildən-ilə vəziyyət yaxşılaşır. Allah eləsin ki, bundan sonra da yaxşılaşsın. Azərbaycanın Prezidenti kimi mən də əlimdən gələni edəcəyəm ki, Naxçıvanın iqtisadi inkişafına daha da böyük kömək göstərilsin. 

Əlbəttə ki, yerlərdə çalışan insanlardan da çox şey asılıdır. Mən çox məmnunam ki, Naxçıvan MR-in rəhbərliyi, Vasif Talıbov Heydər Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və Naxçıvanın möhkəmlənməsinə öz töhfəsini verir. Bütün naxçıvanlılara, bütün ordubadlılara, muxtar respublikanın bütün sakinlərinə öz məhəbbətimi, hörmətimi ifadə edirəm. Arzu edirəm ki, xoşbəxt yaşayasınız və Naxçıvan çiçəklənsin, Azərbaycan çiçəklənsin. 

Sağ olun, sizə cansağlığı, uğurlar arzulayıram.

21.12.2006