“Xeyriyyəçilik məndən başlayır” ianə kampaniyası uğurla yekunlaşıb

“Xeyriyyəçilik məndən başlayır” ianə kampaniyası uğurla yekunlaşıb

Əziz Həmyerlilər!

“Tusi” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı və Sizlərin dəstəyi ilə reallaşdırılan “Xeyriyyəçilik məndən başlayır” ianə kampaniyamız müvəffəqiyyətlə yekunlaşdı.
Artıq, “Tusi” Xeyriyyə Cəmiyyətinin balansında 1 hektar torpaq sahəsi Ordubada və ordubadlılara məxsusdur.

Bu marafonda iştirak edən hər bir həmyerlimizə ayrı-ayrı minnətdarlığımızı bildiririk.

Bildiyiniz kimi, Bakı və Abşeron yarımadası ərazisində yaşayan Ordubad camaatının sosial problemlərindən biri sayılan Məzarlıq yeri üçün torpaq sahəsinin alınması və Qəbiristanlığın salınması məsələsi müsbət həllini tapdı.
Burada yaşadığı yerdən asılı olmayaraq hər bir Ordubadlının haqqı vardır.

İmkan və şərait daxilində son mənzil yerimiz kimi məhz Ordubadın özünün seçilməsini tövsiyə edirik.

“Bütöv bir Ordubadı” təzahür etdirən layihə birliyimizin və həmrəyliyimizin bariz nümunəsidir.

Bəli, biz bunu bacardıq. Niyə?! Ona görə ki, haqq işi gördük və Sizlərin dəstəyi ilə “Eskiz layihə”yə uyğun “Ordubadlılar Məzarlığı”nın inşaasını həyata keçirdik.

Hər bir vəchlə - “El gücü, sel gücü” məsəli deyib xeyirxah və səxavətli insanlarımızın sayəsində məqsədimizə çatdıq.
Təbii ki, inam və iradəmizə söykənən addımımızla hədəfimizə çatdıq.

Hər birinizə ayrı-ayrılıqda: bu işdə istər maddi, istər mənəvi dəstək verənlər var olsun deyirik!

Abşeron rayonu Məmmədli kəndində yerləşən “Ordubadlılar Məzarlığı”nda hamımızın haqqı, əməyi, zəhməti var. Kənd, qəsəbə, şəhər demədən.
İanə edib-etməyən. Yetər ki, duanızı əsirgəməmisiniz.
Bu layihəmiz Ordubadın Bakıdakı bütövlük rəmzidir.

Qeyd edək ki, biz bunu reallaşdırmaqla dövlətimizin üzərindən də bir yükü götürdük.
Özüdə Qarabağımızın yenidən qurulduğu və böyük qayıdışın gerçəkləşdiyi belə bir dövrdə buna nail olduq.

Qısa müddətə ərsəyə gətirilmiş bu unikal layihəyə görə Cəmiyyətin İdarə Heyətinə, Ordubadlılardan ibarət Könüllülər Qrupuna (İşçi Heyətinə), o cümlədən Rayon rəhbərliyinə diqqət və qayğısına görə təşəkkür edirik.

“Tusi” Xeyriyyə Cəmiyyətini bizə miras qoyan dəyərli qurucu babalarımıza - ziyalılarımıza minnətdarıq.

Ümumilikdə, xeyir-duası, zəhməti-əməyi keçən hər bir kəsə bir daha minnətdarlığımızı izhar edirik.

Belə bir müştərək və əməli addım Ordubadımızın tarixində ilk olsa da, son deyil.

Əminik ki, Ordubadımızın inkişafı üçün yeni layihə-təkliflər verəcək və onun yerinə yetirilməsində fəal iştirak edəcəksiniz.

Dəyərli Torpaqdaşlar!

Bununla, “Qəbiristanlıq” ilə bağlı ianə kampaniyamıza son vururuq. 
Məzarlıq ilə bağlı bundan sonrakı işimiz yaradılmış mövcud vəziyyəti qoruyub-saxlamaqdır.

Yəni, müvafiq infrastrukturun qorunması, ağac-kollara baxılması və s. diqqət və qayğı göstərməkdir.

Məzarlıq tam ödənişsizdir.
Yalnız və yalnız dəfn xərcləri vardır.
(İndiki dövr üçün 300 AZN məzarın qazılması, mal-material, 100 AZN isə “Ordubadlılar Məzarlığı”nın saxlanılması).
“Qəbir daşları” müəyyən edilmiş qaydalar və standartlar çərçivəsində dəfn olunan şəxsin nümayəndələri tərəfindən qoyulur.

“Ordubadlılar Məzarlığı”nın idarəedilməsini ictimai əsasda aşağıdakı heyətdən ibarət Əlaqələndirmə Şurası həyata keçirəcəkdir:
Rəhbər -
1. İsa Cahanov - “Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin üzvü
Üzvlər - 
2. Müzəffər Məmmədov - “Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin üzvü
3. ⁠Füzuli Quliyev - “Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin üzvü
4. ⁠Elxan Şıxəliyev - “Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyəti sədrinin müşaviri (Biləv kəndi)
5. ⁠Anar Rəsulov - “Tusi” Xeyriyyə Cəmiyyəti İşlər müdiri
6. ⁠Malik Babayev - (Ordubad şəhəri)
7. ⁠Əşrəf Məmmədov - (Əndəmic kəndi)
8. ⁠Etibar Əliyev - (Cənnəb kəndi)
9. ⁠Nizami İsmayılov - (Ordubad şəhəri)
10. ⁠Elvin Əliyev - (Düylün kəndi)
11. ⁠Əbülfəz Əsgərov (Nüsnüs kəndi)
12. ⁠Nail Məmmədov - (Rusiya, Moskva şəhəri)
13. Müzəffər Quliyev - (Ordubad şəhəri)

Cavabdeh şəxs - hazırda “Ordubadlılar Məzarlığı”nın inzibatçısı vəzifəsini icra edən Qurban Məhərrəm oğlu Quliyevdir.

Sizin,

“Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyəti