"Xeyriyyəçilik məndən başlayır" marafonuna start verildi

"Xeyriyyəçilik məndən başlayır" marafonuna start verildi

1991-ci ildə təsis edilmiş, bu ilin mart ayında qeydiyyatı  yenilənmiş “Tusi” Xeyriyyə Cəmiyyəti iyun ayının 3-də genişləndirilmiş tərkibdə toplantı  keçirib.

TNS xəbər verir ki, toplantını cəmiyyətin İdarə Heyətinin sədri Yəhya Babanlı açıb.

Cəmiyyətinin tarixinə ekskurs edən sədr əvvəlki illərdə görülmüş işlərlə yanaşı, bu il ərzində görülən işlər və planlar haqqında da məlumat verib.

Bildirilib ki, Zəngəzur dəhlizinin astanası - qapısı olan Ordubad üçün təşkil olunan marafon birliyimiz və həmrəyliyimizi şərtləndirir.

Cəmiyyətin qurucu üzvü olmuş akademik Rəhim Rəhimovun anadan olmasının 100 illik yubileyi ilə bağlı keçirilmiş silsilə tədbirlər və “Tusi” Xeyriyyə Cəmiyyətinin müraciəti ilə Ordubad şəhərində mərhumun adına küçə verilməsi yığıncaq iştirakçıları tərəfindən razılıqla qarşılanıb.

Sonra Cəmiyyətin əvvəlki sədri, Ağsaqqallar Şurasının sədri Ramiz Babayev və İdarə Heyətinin üzvü professor Müzəffər Məmmədov çıxış edərək xeyriyyəçilik işlərində hər kəsi fəal olmağa çağırıblar.

Toplantıda  bir sıra məsələlər, Bakı və Abşeron ərazisində yaşayan cəmiyyət üzvlərinin problemləri və onların həlli yolları ilə bağlı müzakirələr aparılıb.

Cəmiyyət üzvlərinin əksəriyyətinin razılığı ilə Bakı və Abşeron ərazisində yaşayan cəmiyyət üzvlərinin sosial problemlərinin həlli ilə bağlı xeyriyyə marafonu keçirilməsi qərara alınıb.

“Xeyriyyəçilik məndən başlayır” devizi ilə keçiriləcək marafonda ölkədə və ölkədən kənarda yaşayan bütün cəmiyyət üzvləri, ianə etmək istəyən hər bir kəs iştirak edə bilər.

Marafonun sosial şəbəkələr vasitəsilə yazılı və video formatda hər kəsə çatdırılması yolları müzakirə edilib və bu yöndə konkret addımlar atılması qərara alınıb.

Xeyriyyə marafonu bir ay - 05 iyun- 05 iyul tarixlərində keçiriləcək.