Ordubad təbiətdən öz hədiyyəsini almış bir diyardır. Bu yeri sanki günəşlə hər yerdən daha yaxın dost adlandırmaq da olar. Çünki bol günəşlidir. Bu yeri hava ilə, su ilə də dost adlandırmaq olar. Çünki hava öz bol oksigenini hər yerdən çox bu diyara verib. Su öz gözəlliyini hər yerdən çox bu yurda verib. Odur ki, təbiət mənzərələri bir-birinin içindən çıxır sanki burada.
Onlardan biri 2006-cı ildən tarix-bədii qoruğu statusunu alan Gəmiqayadır. Nədir Gəmiqaya? Uzaqdan dənizdə üzən gəmiyə bənzədiyinə görə Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına (3904 metr) xalq arasında Gəmiqaya adı verilib. Burada e.ə. III- I minilliklərə aid qayaüstü rəsmlər, qədim yazılar var. Naxçıvanda ən qədim yaşayış məskənidir. Həmin dövrlərdə buradakı qayalar üzərində insan və müxtəlif heyvan rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı-ayrı işarələr həkk edilib. Üzərindəki təsvirlərin və oradakı yurd yerlərinin azı 5-6 min il yaşı olduğu bildirilən Gəmiqaya həm də Nuh əfsanəsi ilə bağlıdır.
Rəvayətə görə, yer üzünü su basacağını bilən Nuh peyğəmbər bir gəmi düzəldir və buraya topladığı canlılarla sağ qalmağı bacarır. Əfsanəyə görə, tufan zamanı Nuhun gəmisi Naxçıvanın şərqindəki İlandağa, Ordubaddakı Ələngəz və Kəmki dağlarına toxunduqdan sonra, Gəmiqayada quruya oturub. Bu əfsanə Nuh tufanı haqqında qədim Şumer və yəhudi əfsanələrinin hamısının bir kökdən olduğunu göstərir. Əfsanənin süjeti eramızdan əvvəl III minillikdə məlum olsa da, II minilliyin ortalarında şumerlər tərəfindən yazıya alınıb. Bir sıra tarixçilərin fikrincə, bu, Naxçıvanın salındığı tarixlə, yəni, e.ə. 1539-cu illə eyni dövrə təsadüf edir. Rəvayətə görə, Gəmiqayada lövbər salan gəminin qalıqları indiyə qədər buradakı “Ayı çuxuru” deyilən yerdə qalmaqdadır. Alimlər Gəmiqayada Nuhla bağlı qədim yazı olduğunu qeyd edirlər. Gəmiqaya qoruğunu görmək istəyənlərə isə buraya iyul – avqust aylarında gəlmək məsləhət görülür. Çünki yalnız bu dövrdə zirvəyə çıxmaq və gözəllikləri duymaq mümkündür.
Azərbaycanda ən böyük şəlalələrdən biri Ordubaddadır-Pəzməri. Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı çayın Vənəndçaya töküldüyü yerin yaxınlığında dəniz səviyyəsindən 2161 metr hündürlükdə axır bu şəlalə. Bax, baxa bildikcə, gözəlliyinə və təbiətin möcüzəsinə heyran qalma görüm, necə qalmırsan...
“Sərşəhər”, “Ambaras”, “Gürdətal”,” Üçtürləngə”, “Mingis” kimi böyük və “Qaraçanaq”, “Dilbər”, “Əngəş”, “Əsgərxan”, “Varsan”, “Körpübaşı”, “Bəylər”, “Düz”, “Qoşqar”, “Musa təngi” kimi kiçik, lakin qədim məhəllələrin hər biri heyranlıq doğurur. Onların yerləmə coğrafiyası, keçmişi ilə bağlı məlumatlar insanı bu gündən ta qədimlərə aparır.
Ordubadın çinarları ilə də məşhur olmasını xatırlayanda isə XX əsrin əvvəllərində buranı ziyarət etmiş Nefodov adlı səyyahın xatirələri yada düşür: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”.
Ordubad çinarlarına kim heyran qalmayıb? Bura gələnlərin hər biri buludlarla sevdalı olan əsrlərlə yaşıd çınarlara heyran olmaya bilməz ki... Onların buludlarla pıçıltısını da dinləməmiş olmaz.
VII əsrdə Ordubadda 70-dən artıq çeşmə olub. Şəhərin bu gün də əsas su təchizatı olan kəhriz sistemi orta əsrlərdə yaradılıb. Məhəllə meydanlarında və ya bəzi həyətlərdə yerləşən bu kəhrizlərə xalq arasında “40 pilləkən” deyirlər. Çünki oraya rahat enib-çıxmaq üçün pilləkənlər tikilib. İçməli sudan başqa bu kəhrizlərdən dəyirmanları işlətmək, əkinləri, bağları və bostanları suvarmaq üçün, habelə soyuducu kimi istifadə edilib. Yay aylarında üzüm, yemiş, qarpız, ət-süd məhsullarını sərin saxlamaq üçün “40 pilləkənin” içinə yerləşdirirlər.
Təbiətin ərməğanı olan Ordubadın təbiətdən gələn nəyi varsa, gözəldir. Bu təbiəti Ordubad bağlarında, oradan mətbəxlərə yollanana min bir nemətlərdə də görmək olur.
