ORDUBAD MƏKTUBLARI

ORDUBAD MƏKTUBLARI

Təxminən 300 min nüfusa malik olan Vedibasar, Şərur və Naxçıvan mahalı Ermənistana təslim oldular. 

Erməni rəyasəti altında “asudə” yaşamağa başladılar. Fəqət bir tək Ordubad şəhəri və həvalisi ermənilərə tabe olmaq istəməyib, Azərbaycan Hökuməti təhti-idarəsində yaşayacağını bütün cahana elan etdi və haqlı olaraq Ermənistan tərəfndən “təyin olunmuş” Qoxtan diktatoru Aşot Məlik-Movsesyanı protesto edib, Ordubada hakim olmasından vaz keçməsini ona tövsiyə etdi.
Nə üçün böyük Şərur və Naxçıvan mahalı təslim olub da, kiçik Ordubad təslim olmaq istəməyir? İştə şu suala cavab olaraq deyə bilərəm ki, vətəni mühafizə etmək onun böyük, yaxud kiçik olmağı ilə deyildir. Bəlkə, camaatın hissli, düşüncəli, vətənpərəst, namuslu və qeyrətli olmağından asılıdır. 
Ordubad əhalisi bunu yaxşı düşünür ki, Qoxtan ermənilərinin zülmü altında yaşaya bilməyəcəklər. Ermənilərə etdikləri yaxşılıqların əvəzində daima fənalıq və hüquqa təcavüzdən başqa bir şey görməyəcəklər. Necə ki, bildirki həziran hadisatı bunu isbat edir. 

Ordubad müsəlmanları öz qonşu ermənilərini mühafizə etdi, onları saxladı. Heç birinin hüququna təcavüz olunmadı. İran atlılarının onlara qarşı hücumuna və onların köylərinin İran qaçaqları tərəfindən qətl və qarət olunmasına mane oldu. Lakin müsəlmanların bu yaxşılığının mükafatı olaraq Andranik hücum etdiyi zaman həman ermənilər dəstələr düzəldib müsəlmanların köylərini dağıtdılar. Çoluq-çocuğunu qırmağa iktifa etməyib, gözəl xanımlarımızın ismət və namusuna təcavüz etdilər. Nəhayət, təslim olmuş köyləri də yaxıb, camaatı kəsib, daxmalarını xak ilə yeksan etdilər. 

O cümlədən Yaycı, Üstüpü, Tivi, Bist və sair qəryələrdə 15 mindən ziyadə müsəlman əhalisini tələf etdilər. 
Məgər Ordubad müsəlmanları bunu görüb də, bir də ermənilərə bel bağlaya bilərmi? Yox, deyə bilərəm ki, onlar heç vaxt bu işə razı olmazlar. Vətən əzizdir və onu mühafizə etmək vacibdir fikri onların qəlbində oyanmış və onları həyəcana gətirmişdir. 

Ordubad şəhəri və həvalisi Ermənistana tabe olmaz və axırıncı qətrə qanlarınadək bu yolda mübarizə edər və vətənin müdafiəsi yolunda tamam var-yoxunu qoyar. 

Ordubadı və həvalisini idarə edənlər Dağıstanın Xəlilovları və Naxçıvanların xanları kimi deyildirlər ki, əziz və müqəddəs vətəni satıb, ana və bacılarının namusunu dünya müzəxrəfatına bədəl etsinlər. Onlar vətəni yolunda öz canlarını verməyə hazırdırlar. Qoy ermənilər bilsinlər ki, Ordubad onlara təslim olmayacaqdır. Onlar Ordubadı idarə etməkdən vaz keçsinlər. Tamamilə müsəlmanla məskun olunmuş bu ölkə Ermənistana verilə bilərmi? Hər-gah Ermənistan Cümhuriyyəti flhəqiqə cümhuriyyət qanununu nəzərə alırsa, nə üçün əhalinin dörddə üç hissəsi Azərbaycana tabe olmaq istədiyi halda, belə bir ölkəni zorla özünə ilhaq etmək birlǝşdirmǝk istəyir? 

Qoy Ermənistan Cümhuriyyəti də, Müttəfiqlər Komandanlığı da, Sülh Konfransı da bilsinlər ki, Ordubad şəhəri və həvalisi Ermənistana tabe olmayacaq və heç qüvvə də onların bu fikrini dəyişdirə bilməyəcəkdir. Ölmək var, Ermənistana tabe olmaq yoxdur. 

Səttar oğlu Əliqulu