Onların hansından danışaq?..

Onların hansından danışaq?..

Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazırdı: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları vardır. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”.
Bu bol günəşli və bol sulu diyarın hansı nemətindən söhbət açaq ki, tək onunla Ordubadın gözəlliyini vəsf edə bilək. Məşhur limonundan danışaq. Bazarlarda əl-əl gəzən, bir ədədinin qiyməti 10 manatda baha olan Ordubad limonundan. Kəsildiyi an ətrafa fərahlıq yayan ətrindən...
Ordubad əriyindən danışaqmı? Görünüşü ilə dadı-tamı bir-birini tamamlayan bu meyvə hər yerdə Ordubada məxsus olduğunu sərgiləyir. Özü necə gözəldirsə, mürəbbəsi də eləcə, gözəldir. Elə gözəlliyi ilə də seçiləndir.
Ordubad qozu, bəlkə ondan söhbət açaq? Dadına doyulmayan bu qoz yağlılıq dərəcəsinə görə də hələ Naxçıvanın ayrı-ayrı bölgələrində olanlardan seçilir. Mürəbbəsi də əl-ələ axtarılır. Çünki onu bir dəfə dadan hökmən yenidən axtaracaqdır.
Bütün meyvələri limonu, əriyi, qozu kimi fərqlidir Ordubadın. Onları günlərlə saymaqla bitərmi yəni? Odur ki, bir az da mətbəxinə keçək Ordubadın və ona bələd olmayanlar bilsin ki, bu mətbəx deyil, möcüzədir.
Naxçıvan mətbəxinə məxsus olanların əksəriyyəti Ordubad mətbəxinə də aiddir. Lakin Ordubadda elə mətbəx nümunələri var ki, bu, tək ora aiddir və Naxçıvanda heç bir bölgə onu ordubadlılar kimi bişirə bilmir. Hansından danışaq bu nümunələrin ki, Ordubad mətbəxinin bir az haqqını vermiş olaq? Yəqin Ordubad qayğanağını eşitməyən olmaz. Bax elə tək o, Ordubad mətbəxinin necə olduğundan özü söhbət açır. Hələ Ordubad plovunu, paxlavasını, qrudunu, qovurmasını demirəm...