Tarix özü ondan danışır...

Tarix özü ondan danışır...

Ordubad məxsus olduğu qədim Naxçıvanın özü kimi tarixin bir parçasıdır. Bu tarix özü söhbət açır, Ordubadın dünəndən danışır. Çünki bu gün Ordubadda olan əsrlərin o üzündən boylanan yaşayış yerləri, tarix-mədəniyyət abidələri, qəbiristanlıq və xarabalıqlar tarixi danışmağa vadar edir.
Hər daşı bir tarix olan Ordubadın hər küçəsi, döngəsi bir tarixdir. Əsrləri sinəsində qonaq edən bu yurd vaxtilə təsərrüfat və ticarətin mərkəzi olub. Ona görə də alimlərdən buranı “dünya möcüzəsi” adlandıran da olub.
Ordubad deyəndə ilk olaraq nəzərdə canlanan Xarabagilanı Zəkəriyya Qəzvini dördüncü iqlim qurşağının şəhərlərindən biri adlandırıb, sakinlərinin türk olduğunu yazırdı. Gilan şəhərinin 5-13-cü əsrin ən inkişaf etmiş şəhərlərdən biri olduğu bu tarixi mənbələrdə öz əksini tapır. Ordubaddan 17 km-də, Yuxarı Aza kəndinin şimal-şərqində, Düylün İkinci Gilan kəndinin cənub-qərbində, indiki Gilançayın sol sahilində, təpələr və dağlar üzərində yerləşən, xarabalıqları 100 ha‐dan artıq ərazini əhatə edən Xarabagilanın çox böyük bir yaşayış yeri olduğundan əsrlər əvvəl tarixçi Məhəmməd Hinduşah da yazırdı. Xarabagilan haqqında məşhur ərəb tarixçisi İbn Əl-Nasir tərəfindən 12-ci əsrin sonu və 13-cü əsrin əvvəllərində “El-Kamil fit-Tarix” əsərində danışırdı.
Ordubad yedellilərdən də xali olmayıb. Monqolların XIII əsrdə dağıtdığı bu şəhərin inkişafı Əbu-Dulafın hakimiyyəti ilə başlayıb və monqol istilasına qədər davam edib. Bu dövrdə şəhər genişləndirilib, ictimai binalar, bəndlər və qalanın qərb tərəfini qoruyan dairəvi, altıbucaqlı və dördbucaqlı qüllələri olan müdafiə divarı tikilib. Bu dövrdə çox varlı olan şəhər müəyyən ölkələrlə yaxın ticarət və iqtisadi əlaqələrə sahib olub.
Səlcuqları, Atabəyləri, Ağqoyunlu, Qaraqoyunluları sinəsi üzərindən yola salan Ordubad o vaxt-bu vaxt öz vüqarı ilə durub. Tarixə meydan oxuyub, “mən qaldım, sən gedəsi oldun”,- deyib. Beləliklə də möhkəmlənib, tarixin-daşın, yaddaşın bir hissəsinə çevrilib.
Ordubad dağlarında, Qapıçıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında 5-6 min yaşlı qayaüstü rəsmlər, Vənənd kəndində qədim yaşayış məskəni, Qəbiristanda qoç formalı qəbirüstü abidələr, orta əsrlərə aid məscid, hamam, kilsə qalıqları, dördbucaqlı formada Cümə məscidi (1324), Sabirkənd yaxınlığında m.ə. I minilliyə aid Mərdangöl nekropolu,
tarixi-mədəni abidələri, Qapıçıq dağının cənub-qərb ətəyində, Qaranquş yaylağında orta əsrlərə aid arxeoloji abidə “Gəmiqaya qəbiristanı”, Biləv kəndi yaxınlığında Biləv qəbiristanlığı (XIV-XVI əsrlər), Babək qalası, Yuxan Əylis kəndində məscid (XVII əsr), orta əsrlərə aid qəbiristanlıq, Varağıt xarabaları, Nüsnüs kəndində İçəxartala məscidi (XVI əsr), Unus kəndi yaxınlığında monastır (XVII əsr), Dor kəndi yaxınlığında türbə, körpü və hamam qalıqları (XIV əsr), Aşağı Əylis kəndində Müqəddəs Foma Məbədi (XVII əsr), Aza kəndi yaxınlığında körpü (1826), Aza qəbiristanlığı (XIV-XVI əsrlər), Ordubad tarixi-memarlıq qoruğu (XV-XIX əsrlər), Sabirkənd yaxınlığında Tunc Dövrünə aid nekropol və Subatan-Dizə qədim yaşayış yeri, Plovdağın ətəyində Tunc Dövrünə aid qəbiristanlıq hər biri bir tarixdir.
Ordubad şəhəri yaxınlığında Xarabagilan m.ə. II-I minilliklərə aid yaşayış məskəni, nekropol, orta əsr şəhər yeri, Sabirkənd və Kələntər-Dizə kəndləri yaxınlığında m.ə. IX-VIII əsrlərə aid Mərdangöl nekropolu, m.ə. II minilliyin sonuna aid Xalıkeşan nekropolu, orta əsrlərə aid idman oyunları və yarışlarının keçirildiyi bina – Zorxana, Dər kəndində türbə (XV əsr), Ordubad şəhərində əvvəllər ticarət mərkəzi, sonralar pəhləvanların güləş yarışlarının keçirildiyi yer olan Qeysəriyyə (XVII əsr), Cümə məscidi, Çənnəb kəndi yaxınlığında körpü (XIX əsr) dünəni bu günə qədər gəlib çıxa bilən tarixin özüdür.