TARİXİ İPƏK YOLU: Ordubad və Əylis şəhərləri

TARİXİ İPƏK YOLU: Ordubad və Əylis şəhərləri

Xanlıqlar dövründə də Ordubad şəhəri ticarətdə mühüm rol oynamışdır. Ordubad şəhərində 35 topdansatış dükanı fəaliyyət göstərirdi. Ordubad bazarında 85 dükan var idi ki, onlardan 30-da ipək və pambıq parçalar, mahud, çay, qənd, kofe və s. satılırdı. İxrac olunan mallar, əsasən, daxildə istehsal olunan pambıq, çəltik, dəri, küncüt yağı, yun, quru meyvə və s.-dən ibarət idi. Bu mallar içərisində gön-dəri məmulatı mühüm yer tutmuşdur. Tarixi çox qədimlərə gedib çıxan, ancaq Tunc dövründən etibarən müstəqil sənət sahəsinə çevrilən “dabbaqlıq” sənəti, digər Azərbaycan şəhərləri kimi, Ordubadın da təsərrüfat həyatında mühüm yer tutmuşdur.

Qədim zamanlardan bölgədə heyvandarlığın geniş yayılması bu ərazidə gön-dəri istehsalının və dəri aşılanması sənətinin inkişafı üçün şərait yaratmış və dabbaqlıq burada müstəqil sənət sahəsinə çevrilmişdi. H.Səfərli bölgənin epiqrafik abidələrindən əldə etdiyi materiallara əsaslanaraq bu sənətin adının bir sıra qəbirüstü abidələr, yer və nəsil adlarında bu günədək saxlandığını göstərir. 

Müəllif göstərir ki, qədim və orta əsrlər dövründə sənətkarlıq irsi xarakter daşımış, bəzən atadan oğula keçmişdir. Keçmişdə hər hansı birsənətsahəsiilə bəzən bir ailə, yaxud bütüntayfaməşğul olurdu. Onlar, adətən, bir məhəllədə yaşayırdılar. Ona görə də ayrı-ayrısənət sahələri ilə bağlı tayfalar və məhəllələr də yaranırdı. Məsələn, Misgərlər məhəlləsində, əsasən, misgərlər, Dabbaqlar məhəlləsində dabbaqlar, Dulusçular məhəlləsində dulusçular yaşayırdı. Ordubad şəhərinin dabbaqları da bu cəhətdən istisna təşkil etmirdilər və əhali arasında “Dabbaqlar” nəsli kimi tanınırdılar. Həmin nəslin törəmələrihazırki dövrdə gön-dəri aşılanması sənəti ilə məşğul olmasalar da, yenə də şəhərdə keçmişdəki kimi “Dabbaqlar” tayfası kimi tanınırlar. 

Ordubad həm də Azərbaycanda qədim tarixə malik olan ipəkçiliyin yayıldığı ilk ərazilərdən biri olmuşdur. İpəkçiliyin bu ərazidə geniş yayılmasının və inkişafının başlıca faktorları bu ərazidə münbit hava şəraitinin olması və 40-60-gün ərzində baramaqurdularının düzgün qidalandırılmasıdır. Eyni zamanda ipəkçiliyin inkişafında iqtisadi amillərin rolu da böyükdür. Çünki bu dövrdə ipək sürətlə inkişaf edərək digər məhsullarla müqayisədə ən qiymətli mala çevrilmişdir.

Ordubaddan Moskvaya, Nijniqorod yarmarkasına xam və boyadılmış ipək aparılırdı.

Etnoqraf və tarixçi, mənşəcə fransız olan İ.İ.Şopen (1798-1870) Ordubadın ticarət əhəmiyyətindən söhbət açaraq,şəhərin mərkəzində iri bazarın və 6 karvansaranın olduğunu göstərir. 

Qədim və orta əsrlər dövründə beynəlxalq karvan yolları üzərində mühüm məntəqə sayılan yurd yerlərindən biridə indiyədək gəlib çatmayan, adı yalnız mənbələrdə qeyd olunan Azadşəhəridir. Vaxtilə Azad şəhərinin yerinin müəyyənləşdirilməsi müəyyən mübahisələrə səbəb olsa da, sonrakı araşdırmalarda bu şəhərin Ordubad şəhəri ilə Culfa şəhəri arasında yerləşdiyisübut edilmişdir. Şəhər inkişaf etmiş ticarət və sənətkarlıq mərkəzi olduğundan ətraf ərazi uzun müddət Kiranla (hazırda Naxçıvan-Ordubad şose yolunun sol tərəfində xarabalıqları qalan Azad kəndindən təxminən 6-7 km şimalda yerləşən orta əsr şəhəri Xaraba Gilanla) birlikdə onun adı ilə Azad-Ciran adlanmışdır. 

Bundan əlavə, bu şəhərin, həmçinin Culfa şəhərinin ətrafında boyaqçılara satmaq üçün “qırmız” deyilən böcəklər də toplanmışdır. 

Bu böcəkdən qırmızı rəng alınmış və boyaqçılıqda geniş istifadə olunmuşdur.

Həmin iş, orta əsrlərdə olduğu kimi, sonrakı dövrlərdə də davam etdirilmişdir. Tarixin müəyyən inkişaf mərhələsində Naxçıvan bölgəsində şəhərlərin sırasına daha bir şəhər daxil olmuşdur. 

Bu Əylis şəhəri idi. Orta əsr qaynaqlarına əsaslanan tədqiqatçılar artıq XVI əsrdə Azərbaycan şəhərləri haqqında danışarkən onların sırasında Əylisin də adını çəkirlər. 

Əylis şəhəri, xüsusilə beynəlxalq ticarətdə mühüm rol oynamışdır. Bu şəhərin tacirləri bir sıra ölkələrə, eyni zamanda Azərbaycan şəhərlərinə gedir, mühüm mallar, xüsusilə ipək alır, onu xarici ölkələrdən gəlmiş tacirlərə satır və yaxud özləri aparıb xarici bazarlarda satırdılar. Şəhərə çoxlu tacirlər gəlib getdiyindən burada ticarət əhəmiyyətli böyük obyektlər, o cümlədən dükanlar, karvansaralar, körpülər və s. inşa edilmişdi. 

Orta əsr müəlliflərindən Əylisli Zəkəriyyə öz “Gündəliyi”ndə XVI-XVII əsrlərdə Əylisdə olan və həmin vaxt inşa edilən bu ticarət mərkəzləri haqqında məlumatlar verir. Həmin ticarət obyektlərinin qalıqları indiyədək gəlib çatmışdır. 
Keçən yüzilliyin 20-ci illərində Naxçıvanda olmuş, Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyətinin elmi katibi, rus alimi V.Sısoyev həmin abidələri görmüş və yazmışdır ki, burada yarımdağıdılmış vəziyyətdə olan dükan və karvansaralar vardır. 

Orta əsrlərdə Əylisin mərkəzində ticarət mərkəzi fəaliyyət göstərmişdir.

Bu mərkəzdə, orta əsrlərdə olduğu kimi, sonralar da qaynar ticarət getmişdir. Əylisi memarlıq və şəhərsalma baxımından tədqiq edən R.Salayevanın yazdığına görə, bu mərkəz indi Yuxarı Əylisdə hazırda “poçt yolu” adlanan əsas magistral yolun üzərində olan ticarət mərkəzinin yerində olmuşdur. 

Orta əsrlər dövründə Azərbaycanın sosial-siyasi, iqtisadi, mədəni, ticarət və sənətkarlıq həyatında özünəməxsus yeri olan yaşayış məskənlərindən biri də Qarabağlar şəhəri olmuşdur. Şərq ölkələri ilə Qərbi birləşdirən Böyük İpək yolunun Naxçıvandan keçən qolları üzərində yerləşən, bu səbəbdən də böyük mədəniyyət, ticarət və sənətkarlıq mərkəzi kimi inkişaf edən Qarabağlar şəhəri haqqında orta əsr qaynaqlarında təəssüf ki, geniş məlumatlar gəlib çatmamışdır. 

Bu şəhərin varlığı haqqında geniş məlumatı biz məşhur türk səyyahı, XVII yüzilliyin ortalarında Naxçıvanda olmuş Evliya Çələbinin “Səyahətnaməsi”ndən alırıq. 

Səyahətnaməsində Evliya Çələbi şəhər haqqında belə bir məlumat verir: Qarabağlar şəhəri 50 min nəfər əhalisi, 10 minə qədər evi, 40-a qədər minarəsi, 70 məscidi, karvansaraları, bazarları, hamamları, meyvə bağları, üzümlükləri, yaxşı havası və suyu olan bol neymətli yaşayış məntəqəsidir.

Səyyah yazır ki, buradakı bağların birində gəzərkən Yazdanqulu adlı bir bağban mənə 26 növ armud verdi. 

“Mələsə”, “Abbasi”, “Ordubadi” növlərindən olan armudu yeyəndə adam ağzında nabat dadı hiss edir. Burada “yaqut” rəngli nar yetişir. Bu diyarın əhalisinin hamısı müsəlmandır. Bu diyarda erməni və rum yoxdur.