Ordubadda Novruz bayramı müxtəlifliyi və rəngarəngliyi ilə seçilir

Ordubadda Novruz bayramı müxtəlifliyi və rəngarəngliyi ilə seçilir

Novruz bayramı müstəqil Azərbaycan dövlətinin rəsmi bayramları sırasına daxil olmuşdur. Sevindirici haldır ki, doğma xalqımızın ən qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan müqəddəs Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz hissəsinə çevrilmişdir. Bu milli mərasim Azərbaycanın hər bir bölgəsində özünəməxsus şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda keçirilən Novruz bayramı mərasimində xalqın həyat tərzi, məişəti, güzəranı, arzu və düşüncəsi, inamı, bir sözlə, dünyaya baxışı öz əksini tapır.
Ordubad ərazisində bayrama hazırlıq hələ fevral ayından, yəni elə ilk çərşənbədən başlayır. Hər evdə hiss olunan bayram əhval-ruhiyyəsi Ordubad həyatının müxtəlif məqamlarında özünəməxsus şəkildə əks olunur. Çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Axır çərşənbə olan Od çərşənbəsi – ordubadlıların “Yeddiləvin” adlandırdıqları gün Novruzun yüksək məqamıdır. Bölgədə axır çərşənbəyə “ilin ən bəd çərşənbəsi”, “ilin ən ağır çərşənbəsi” də deyirlər. Belə bir inam var ki, bu gün o qədər şən keçməlidir ki, ilboyu insanlar üçün uğurlu və sevincli olsun. Bu gündə əhalinin çox hissəsi ən gözəl libaslarını geyinərək şəhərin mərkəzində yerləşən bazara üz tuturlar. 
Ordubadda həmin İlaxır çərşənbəsi “Yeddiləvin” adlanır. Bu gündə ordubadlılar şəhərin qonaqlarını mütləq təəccübləndirməyə çalışırlar. Əvvəllər meydanlardan birində zurnanın müşayiəti ilə şən oyunlar və rəqslər təşkil olunardı. Burada ilan oynadanın çıxışını da görmək mümkün idi. Başqa meydanda dərviş nəğməsi səslənirdi. Çayxanada sazandalar saz çalır, aşıqlar oxuyardılar. Bəzən başqa rayonlardan gəlmiş kəndirbazlar da məharətini nümayiş etdirirdilər. Çıxışlar, adətən, gündüzlər təşkil olunurdu.
Ordubadda Novruzun ən cox sevilən ərəfəsi “Yeddiləvin”lə əlaqəlidir. “Yeddiləvin zamanı (Yeddiləvin – xonça, şirni; Novruz bayramı münasibətilə tabağa qoyulmuş cürbəcür quru meyvə) oğlan evi qız evinə şirni apararkən orada şirninin müxtəlif növlərindən olur. Buna görə də şirni növünün çoxluğunu göstərmək məqsədilə ona yeddiləvin adı vermişlər.
“Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Belə ki, bu adət Azərbaycanın başqa regionlarında da özünü göstərməkdədir. Bəzi yerlərdə “7 ləvin”ə “7 sin” də deyirlər. “Yeddiləvin” axşamı tonqallar qalanır. Əhalinin bayram uğurunu – sevincini ifadə edən ən möhtəşəm tonqal dağların uca nöqtəsində yandırılır. Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?”. Bəlkə dağında tonqalın qalanması hamının bayram sevincini birə-beş artırır. Daha sonra Novruzun qədəm qoyduğu gün səbirsizliklə gözlənilir. Martın 21-dən etibarən əhalinin bayram görüşləri başlayır. Bayram görüşlərinin əsas məqsədi Ordubad əhalisinin bir-birini yad etməsidir. Əvvəlcə ev sakinləri bayramın ilk günü sübh tezdən oyanaraq evin böyüklərini təbrik edir. Müxtəlif şirniyyatlar, meyvələr və s. ilə bəzədilmiş bayram stolunun baş tərəfindəki gülabdandan ovcuna süzdüyü gülabı başına çəkərək üzünə doğru salavatla tamamlayır. Təmizlik, saflıq, gözəllik simvolu olan gülabın burada daha bir üstünlüyü – təmizləyici funksiyası da özünü göstərir. Bir neçə damcı gülab bəs edir ki, əlləri mikroblardan təmizləsin, dezinfeksiya etsin. Hər kəs bir-birini görməyə, gülab verib təbrik etməyə tələsir. Hətta bayram günlərində biri digərini təbrik etmək istəyəndə deyər: “Gedim, gülab verim, gəlim”. Bu, insanların təbrik üçün atacağı addımını ifadə edir.
Gülabla, gülabçəkmə ilə bağlı adətlərin Ordubad bölgəsinin ən qədim və həm də sevimli məşğuliyyəti olmasını təsdiq edən folklor nümunələri yaddaşlarda yaşamaqdadır:
Əzizim, güldən alam,
Gülabı güldən alam.
Gülşəndə bülbül ölsə,
Qanını güldən alam. 
Xalq gülab çəkməklə bağlı adət və ənənəsini qanun şəklində qorumaqdadır: “Gülab hər evdə çəkilməz, həmən ev dövri-qədimdən təmiz nəslin evi olmalıdır”.
Martın 21, 22, 23-də Ordubad şəhərinin özündə, eləcə də Nüsnüs, Vənənd, Düylün, Əylis və s. kəndlərdə “Xan məclisi” təşkil olunur. Şəhərin Sərşəhər və Mingis deyilən meydanlarında Xan bəzədilir. İndi isə bu mərasim Ordubad şəhərinin tədbirlər meydanında da həyata keçirilir. Ordubad əhlinin içərisindən ciddi, qaraqabaq biri seçilir. Onu xan kimi bəzəyib, taxt-taca əyləşdirirlər. Xan meydana at üstündə daxil olur. Ətrafındakı vəzir, vəkil onu qoruyur. İki nəfər yelpiklə onu yelləyir. Digər insanlar xanın qarşısında çalır, oxuyur, oynayır. Təlxəklər xanı güldürməyə çalışırlar. Oyunun şərtinə əsasən, xan təlxəklərin hərəkətlərinə, ümumiyyətlə gülməməlidir. Əgər gülərsə, meydanda və ya mərasimin təşkil olunduğu yerdə mövcud olan hovuzda – göldə “boğular”, yəni camaat onu suya basar. Üç gün ərzində bütün göstərilən məzəli hərəkətlərə dodağı belə qaçmayan, “xan” rolunu icra edən şəxs xalq tərəfindən mükafatlandırılır. 
Novruz bayramını əks etdirən bir folklor mətnində də deyilir: “Novruz bayramında gedib kənardan zurna çalan gətirərdilər. Çalardılar, camaat şadlıq edərdi. Qoca kişilərdən salardılar güləşə. Güləş zamanı biri çəkilərdi o başa, biri bu başa. Bir-birinə rəcəl deyərdi:
Gülüstan üstünə,
Gün düşüp bostan üstünə.
Gör nə günə qalmışam,
A Kəlbəli Qulu,
Tülkü gəlip aslan üstünə.
Qarşı tərəfin cavabı:
Kərbəlada var ələmim,
Çərxi-fələkdəndi mənim qələmim.
Əbülfəzl Abbasdı mənim köməyim,
Qüdrətin varsa, gəl meydanə.
Vənənd kəndində də bayram günü meydan tamaşaları üç gün keçirilər. Üçüncü gün müxtəlif yaşlı insanlar təkayaq, cütayaq yallısı oynayarlar. Sonra cavanlar güləşərlər. Sonda isə cavanlar “Çöpüdüm” yallısı gedərlər. Dəstəbaşı əlinə “vən” çubuğu alar ki, kimisə vuranda ağrıtsın. Axırda dəstə başçıları üz-üzə dayanar, hər iki dəstənin üzvləri gəlib onların arasıynan oynaya-oynaya keçərlər.
Bu bayramda ən çox xoşa gələn, uşaqların və həm də böyüklərin sevdiyi nemətlərdən biri də boyanmış yumurtadır. İnama görə, hər bir evdə yumurta boyanmalıdır. Boyanmış yumurtalardan evin hər bir sakini yeməlidir, həm də axıra kimi, yəni hamısını. Yumurtanı tam yemək lazımdır, yarımçıq saxlamaq olmaz. Bu, bağrıbütövlük deməkdir. Yəni bağrıbütöv olan insan ömür boyu böyük dərdlərlə rastlaşmaz, həyatdan kəsiri olmaz, əzizlərinin ağrı-acısını yaşamaz. Bayram görüşünə gedən hər kəs, əgər evdə balaca uşaq varsa, mütləq əlində boyanmış yumurta aparmalıdır. 
Novruz bayramında yumurta bəzəmə adətini xalq bir rəvayətə bağlayır. “Uzun illər bundan əvvəl mart ayının 21, 22, 23-nü padşah nəyisə bayram etmək istəyir. Hamıya əmr verdilər ki, martın 21, 22, 23-ü hamı əlində bir şey götürüb padşahı ziyarətə getsinlər. Amma padşah bu bayramın adını tapa bilmirdi. Bir nəfər kasıb kişi olur. Onun evdə heç nəyi olmur. O da üç ədəd qırmızı boyanmış yumurta götürüb padşahın yanına gedir və padşaha deyir:
– Padşah sağ olsun, mənim evdə heç nəyim yox idi. Ona görə də sizə üç ədəd yumurta boyayıb gətirmişəm.
Padşahın bu kişidən çox xoşu gəlir və ağlına fikir gəlir ki, kişinin adını soruşub bayrama bu adı qoymax lazımdır. Padşah kişidən adını soruşur. Kişi cavab verir ki, adı Novruzdur. Padşah da bu bayramın adını Novruz qoyur və qırmızı yumurta da o zamandan dəbə düşür”. Üç gün bayram görüşü və bu görüşlər zamanı gedilən evlərə əlidolu, yəni hədiyyə aparmaq mətndə də öz əksini tapır. Elə əvvəllər gedilən evə ya yumurta, ya da bir alma götürüb gedərdilər. İndi isə bu, müxtəlif əşyalarla – geyim, qab-qacaq dəsti, kiçik ev əşyaları və s. ilə əvəz olunub.
Novruz bayramında yumurta oyunlarının böyük maraq doğurduğu məlumdur. Ordubadda bu bayramında yaşına baxmayaraq insanlar müxtəlif yumurta oyunları oynayardılar. Yumurta döyüşdürmə bir neçə cür olardı. Tək-tək döyüşdürəndə bəzən dişə vurub yumurtanın bərkliyini-boşluğunu yoxlayardılar. Buna “dadışmaq” deyərdilər. Sonra kimin yumurtanı əlində və necə saxlayacağını, kimin isə üstdən və necə vuracağını razılaşardılar. Hər kəsin yumurtası qırılardısa, o, uduzmuş olurdu və sınıq yumurtanı qalib gələnə verirdi. Başqa bir halda, 4-5 nəfər yumurtaları bir uşağın ətəyinə qoyardı. Yumurtalar qarışardı. Bəxtəbəxt hərə bir yumurta götürüb döyüşdürərdilər. Kim əlindəki yumurta ilə digər yumurtaları çox qırardısa, o, qalib idi. Buna “ətəyə atmaq” deyərdilər. Yumurta çox olduqda onları sıra ilə düzərdilər və bir tərəfdən götürüb döyüşdürərdilər. Axırıncı yumurtanı sındıran sıradakı yumurtaların hamısını udmuş olurdu. Buna “qatara qoymaq” deyərdilər. Üç sınıq yumurtanı bir bütöv yumurtaya dəyişərdilər. “Hol qoymaq” da maraqlı oyun idi. Nisbətən maili yer seçərdilər, yumurtaları sıra ilə düzüb qabağına çöp qoyardular. Çöpü götürdükdə yumurtalar dığırlanırdı. Kimin yumurtası daha uzağa dığırlansaydı, o, qalib sayılırdı və sıradakı yumurtaların hamısını udmuş olurdu. 
Ordubadda yazın ən qorxulu ərəfəsinə “Şeşəqovan” deyirlər. Ərazidəki inama əsasən, bayramdan 36 gün keçənə qədər mal-qara üçün qorxuludur. Gərək ehtiyat yem olsun. Havaların istiləşməsinə etibar etməyən xalqın fikrində bu inam da özünə yer almışdır: “Bayramdan sonra 40 kötük yanar”. Yəni etibar etməyib evdəki yanacağa da qənaət etmək gərəkli idi.
Hər il Ordubadda Novruz bayramından otuz altı gün keçəndən sonra insanlar “Çardaq” adlandırdıqları yerə gedirlər. Bu məkan Bəlkə dağının ətəyində yerləşir. Əvvəllər ziyarətgah kimi məşhur olub. Oraya gedərkən evdən bayramdan qalan şirin çörəklərdən yemək-içmək götürürlər. Bütün dərdi-səri olanlar orada dərdlərini tökürlər. Arzusu olanlar isə çardaqda başlarına “su qırxlayırlar”. “Su qırxlamaq”ı qorxan şəxs üçün də icra edərlər. Daha sonra yenə də arzu tutub, çardağın ətrafında üç dəfə dövrə vururlar. Bir az oturub çardağın havasını çəkdikdən sonra evə qayıdırlar. Bu adət, yəni çardağa getmək ancaq Ordubad şəhərinə aiddir, yəni kəndlərdə bu adət tanınmır . 
Çardaq mərasimindən sonrakı adət bayram vaxtı göyərdilmiş səmənilərin axar çaylara atılmasıdır. Ordubad qadınlarının hər biri calışar ki, uzanıb boy atmış səməniləri çaya tullasın və inanırlar ki, səməni axar suya atılarsa, ruzi-bərəkətləri il boyu axar-baxarlı olar. Ordubadın Dırnıs kəndində Novruz bayramının 13-cü günündə bu adət icra olunur. Mərasim “Novruzun on üçü” adlanır. Novruzdan sonra bitkini, təbiəti, taxılı və çörəyi simvolizə edən “Səməni”nin axar suya atılması da ilk məhsulun hami ruhlara qurban verilmə şəkillərindən biridir. Ordubadda bu hami ruhlar “əyə” adlanır (Ordubad dialektinə məxsus “əyə” sözü – yiyə, sahib anlamındadır). Yəni bu mərasimi “su əyəsinə qurban vermə” mərasimi kimi də xarakterizə etmək olar. 
Novruz bayramına böyük dəyər verən xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.


Aytən CƏFƏROVA,
filologiya üzrə fəlsəfə doktoru