Dağlar bu yurdun əzəmətidir

Dağlar bu yurdun əzəmətidir

Dağlar bu yurdun əzəmətidir. O dağlar ki, minlərlə növ nadir bitkiyə, yüzlərlə növ fauna nümunəsinə ev sahibliyi edir. Həm də özündə sirli gözəlliklər ehtiva edən, bu qocaman sütunlar nadir təbiət abidələrimizi də öz qoynunda övlad sevgisi ilə əzizləyir. Ordubadın nazlı qızı Göygölü görmək, ətrafında gəzişmək və o möhtəşəm təbiət mənzərəsinə şahitlik etmək üçün yolların çətinliklərinə məhəl qoymadan yollandıq arzuların məkanına. Sıldırımlardan salınan yollarda irəlilədikcə avtomobilimizin yad səsindən ürkərək qaçan kəkliklərin təlaşlı səsi, hər üzərindən keçdiyimiz çay sularının şırıltısı nəğməsinə çevrilir bu gözəlliklər məskəninin. O məşhur, o sevimli, bir çoxlarının görmədiyi Göygölə çatmaq üçün bir neçə çay keçəsi olduq. Hal-hazırda Saqqarsu adlı çaydan keçərkən növbəti hədəfimizə çatmaq üçün Göygölə daha da yaxınlaşırıq. Meşəlik ərazilərindən keçirik. Gördüyümüz heyrətamiz mənzərələri geridə qoyduqca havanın temperaturunun tədricən aşağı endiyinin şahidi oluruq. Nəhayət dörd fəsli eyni anda gördüyümüz, sularının şəffaflığı ilə göz qamaşdıran Göygöl qarşımızda tanrının ən gözəl rəsm əsərlərindən biri kimi canlanır. 
Nürgüt kəndindən bir neçə kilometr, Ordubad şəhərindən isə 76 kilometr məsafədə yerləşən Göygöldəyik. 
Dədəqorqud kimi, ozanlar kimi, 
Teymurtək növraqlar pozanlar görmüş, 
Neçə Koroğlular, Qazanlar görmüş
Bu şiş qayaların yaşıdı Göygöl.
Şair Əbülfəz Muxtaroğlunun Göygöl şeirində deyilən bu fikirlər gölün yaşının qədimiliyinin və bu ərazilərin tarixlərə şahidliyinin daha bir ifadəsidir. Sanki sivilizasiyanın başlanğıc götürdüyü Zəngəzur silsiləsi, Nuhun ayaq bastığı Gəmiqaya, Ağdağın ətəkləri bu möcüzəli diyarın bütün sirlərinə agahdır. Bu fərdi gözəlliklə Nuh müqəddəsliyi arasında vəhdət var sanki. Gölün mərkəzində yerləşən kiçik bir ada Nuhun quruya çıxdığı, qayaların qüdrətdən təbii istehkam qurduğu dağın ətəyində gizlənmiş adanı xatırladır. Göygölün sirri, sehri də elə yerləşdiyi bu unikal məkanın yaşı və strateji mövqeyinin möhtəşəmliyi qədərdir. Zəngəzur dağ silsiləsinin cənub yamacında dəniz səviyyəsindən 3065 metr yüksəklikdə yerləşən Göygöl mənşəcə buzlaq gölüdür. Şirin su axarlı olan, eləcə də muxtar respublikanın ən gözəl, füsunkar göllərindən biridir. Kiçik Qafqazın ən hündür dağ gölü sayılır. Göygölün güzgü səthinin uzunluğu 211 metr, eni 103 metr, ən dərin yeri isə 7 metrdir. Yaxın ətrafda yerləşən buzlaqların suyu ilə qidalanan Göygöl insanda mənəvi bir rahatlıq yaşadır. Şəhərdə müsbət 35, 39 və yaxud 40 dərəcə temperatur olduğu zaman burda temperatur 20 dərəcəyə yaxın və ondan da aşağı olur ki, bu da buranı istirahət üçün ideal məkanlardan edir. 
El arasında 4 fəsil adlandırılan bu gölün ətrafında yaz çiçəkləri ilə yanaşı, ağappaq qarı da görmək mümkündür. Yayın sonlarına yaxınlaşsaq da ötən qışdan qalma qarın mənzərə fonunda bir ayrı gözəlliyi var. Burada üzü Günəşə yönələn çobanyastığına da rast gəlmək olar. Sanki fəsillərin bir-biri ilə mübarizəsi gedir bu gölün ətrafında. Hansı rəng daha gözəl yaraşar bu gölə deyə, mübahisə edir bütün fəsillər. Bu mübarizənin yaratdığı möhtəşəm fon isə təbiətin seyrinə çıxan insanların ruhunu dincəldir. Gölün ətrafında gəzdikcə, təmiz havanı udduqca fərqli bir dünyada hiss edir insan özünü. İnsanın ruhunu öxşayan, qəlblərə sakitlik gətirən gölün ecazkar gözəlliyini görmək istəyən təkcə biz deyilik. Gölün digər bir tərəfində qurulan balaca alaçıq görürük. Günlərini daha maraqlı etmək üçün bu məkana yollanan qonaqların samovar qalayaraq açdığı çay süfrəsinin qonağı oluruq. Belə gözəl mənzərə fonunda əlbətdə ki, samovarın olmağı daha möhtəşəm edir bu mənzərəni. Məsafənin uzaqlığına baxmayaraq bu yolu qət edib günlərini daha gözəl edən təbiətdən zövq alan insanların sevincini gördükcə bu ərazilərin hansısa sehirli bir qüvvənin təsiri altında olduğuna bir daha əmin olursan. Gölün ətrafından toplanan minbir dərdə dərman olan bitkilərdən hazırlanan çay, bizi də dəvət edən qonaqpərvər ordubadlılarla söhbət bu mənzərə fonunda bir ayrı xoş gəlir insana. İnsan qaldıqca qalmaq istəyir bu gölün yaxınlığında. İnsanın ruhunu oxşayan gözəlliklərdən doymasaq da əzəmətli dağlarla əhatə olunan bu cənnət məkanından ayrılırıq. Möhtəşəm olan bu gölü görməyi hər kəsə tövsiyə edirik. Çünki zamanın durduğunu hiss etdiyimiz Göygöl uzun müddət haqqında danışacağımız bir hekayə kimi xatirəmizdə yaşayacaq.