Ordubadın Göy-Göl möcüzəsi – FOTOLAR Təbiət gözəli Nürgüt və Xurs kəndləri

Ordubadın Göy-Göl möcüzəsi – FOTOLAR Təbiət gözəli Nürgüt və Xurs kəndləri

Ordubadın Gəmiqaya ətəklərində yerləşən Nürgüt kəndi sıra dağların arasında olduğundan günəş şüaları bura daha gec gəlib çatır. Ordubad şəhərindən 76 kilometr aralıda yerləşən bu kəndin tarixi çox qədimdir. 

 Nürgüt kəndini digər kəndlərdən fərqləndirən çoxlu amillər vardır.  Məsələn, götürək səfalı Göy Gölü. Bu göl kənddən bir neçə kilometr aralıda, dəniz səviyyəsindən təqribən 3000-3500 metr yüksəklikdə, az qala dağların zirvəsindədir. Gölün suyu bura ilin bütün fəsillərində yağan qar və yağışdan qidalanır. Su burada boldur. Hər tərəfdə zümrüd gözlü bulaqlar çağlayır. Bu göl yerli əhali arasında “dörd fəsil” gölü də adlanır. Çünki gölün bir tərəfində qar olanda digər tərəfində yaz çiçəkləri  açır. Göl o qədər böyük olmasa da, gözəl təbiət abidəsi kimi də göz oxşayır, qonaqları əfsunlayaraq öz sehrinə salır. Sair Əbülfəz Muxtaroğlunun “Göy Göl” şeirində deyildiyi kimi.

Mərkəzi şəhərlərdən uzaq olsa da, Nürgüt kəndi inkişafdan geri qalmayıb. Kənddə bir neçə il öncə müasir infrastruktur yaradılıb.

        Kənd sakini Hüseyn Məmmədov ağız dolusu kənddə yaradılan şəraitdən danışır. Deyir ki, evində fasiləsiz mavi yanacaq şölələnən, işığı daim yanan, telefon, internet xidmətindən istifadə edən, rahat yoldan və səhiyyə xidmətindən yararlanan, uşağı müasir məktəbdə təhsil alan hər bir sakin doğma yurd-yuvasına daha sıx tellərlə bağlanıb. Yaradılan şərait kəndlinin rifahını yaxşılaşdırmaqla bərabər, digər tərəfdən də kəndlərdə məskunlaşmanın ilbəil artmasına səbəb olur. 

        Kənd sakini Qüdrət Quliyev bu kəndin gözəl mənzərələrinin istər yay, istərsə də qış turizmi üçün ideal olduğunu bildirdi. Hər evdə hazırlanan təbii məhsullar isə öz dadı və tamı ilə  əvəz olunmazdır.

    Nürgüt kəndindən 2 kilometr aşağıda Xurs kəndi yerləşir.  Gilançayın sahilindəki bu kəndin insanları da çox qonaqpərvər və istiqanlıdır. Dağlar qoynunda yerləşən Xurs kəndi də çox  yaşamalı bir məkandır.  Bu diyarın da yazı, yayı  gözəl olur.  Payız və qış fəsillərinin isə öz yeri vardır.  Necə deyərlər, bu yerləri bir  dəfə görən insan buranı ömrü boyu unutmaz. 

    Dədə-babadan təndir müqəddəs sayılıb. Biz kənddə olanda kimsə təndir salmışdı. Yemişan odunundan və təzə lavaşdan qopan xoş ətir  ətrafa yayılmışdı. Tellər ana dedi ki, bu gün də kənd adamlarının çoxu təndirdən istifadə edir. Qonum-qonşu bir yerə yığışıb lavaş yapır, çörək bişirir  və şirniyyatlar  hazırlayırıq.

    Sakinlər bizə yaxınlaşaraq deyirlər ki, bir vaxtlar kənd uşaqları təhsil almaq üçün digər kənddəki məktəblərə gedirdilərsə, bu gün onlar üçün müasir məktəb tikilib, yaxşı tədris şəraiti yaradılıb. Məktəb şəhər məktəblərindən heç nəyi ilə fərqlənmir.  Hətta burada bu gün başqa yerlərdən gələn neçə-neçə gənc müəllimlər vardır.

    Artıq bu ucqar kənddəki məktəbdə kadr çatışmazlığı problemi öz həllini tapıb. Qeyd etdiyimiz kimi digər bölgələrdən buraya üz tutan gənc müəllimlərin yaşayıb fəaliyyət göstərmələri üçün də münbit şərait yaradılıb.

     Artıq 5 ildir ki, Xurs kənd tam orta məktəbində pedaqoji fəaliyyətlə məşğulam, deyən gənc müəllim Adim Yusifov Kəlbəcər rayonundan məcburi köçkündü. Ali məktəbi bitirdikdən sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə müraciət edən Adim müəllim  artıq bu kənddə Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris edir.

     Bu kəndlərdə olarkən bir daha şahidi olduq ki, Naxçıvanda bu gün ən ucqar dağ kəndi belə müasirliyi, yeniliyi ilə heç də şəhərdən geri qalmır. Kəndlərimizin xoş təmiz havası, başı qarlı dağları bizi sanki tilsimləmişdi. Bu tilsimdən qopub artıq Naxçıvan şəhərinə geri qayıdırıq.  Kənddən ayrıldığımız üçün bir az üzgün görünsək də, şəhərə xoş təəsuratlarla qayıtdıq. Bu bizim son səfərimiz olmayacaq.  Cahanın nəqşi - Naxçıvanımızı qarış-qarış gəzməyə davam edəcəyik.