Balabəy Əlibəyov - Ordubadski

Balabəy Əlibəyov - Ordubadski

Poliqlot, etnoqraf, tərcüməçi

1832-ci ildə yazılan kameral siyahını əsas götürsək Balabəy Məmmədhüseyn Sultan oğlu 1831-ci ildə, onun özünün yazdıqlarını əsas götürsək, o, 1835, yaxud 1836-cı ildə Ordubad şəhərində hərbçi ailəsində doğulmuşdur. 
Balabəyin ulu babası Əlixan Sultan da hərbçi olub. Bir məsələni də hökmən qeyd etmək lazımdır. 1920-ci ilədək Balabəyin familiyası sənədlərdə Əlixanov kimi yazılmışdır. Yəqin ki, 1920-ci ildən sonra repressiyalardan yaxa qurtarmaq üçün familiyasını Əlibəyov yazdırıb. Bunu yazmaqda məqsədimiz odur ki, gələcəkdə arxiv sənədləri ilə işləyən tədqiqatçılar Balabəy Əlixanovun Balabəy Əlibəyov olduğunu unutmasınlar.
 
Hər halda bunlar arxiv sənədlərində qeyd olunanlardır. Həmin arxiv sənədində Balabəyin 18 yaşında olan Hacı adlı qardaşının da izahatı var. Və o sənəddə Balabəy yazır ki, Naxçıvan şəhər polis idarəsində tərcüməçi işləyir.
 
Balabəy Əlixanovun doğum tarixinin doğruluğunu təsdiqləyən fotoşəkil də var. 1860-cı ildə İrəvanda çəkilib.
 
Fars, rus və türk dillərini mükəmməl bilən Balabəy Əlixanov əsasən polis sistemində tərcüməçi işləyib. Bir arxiv sənədində deyilir: "15 mart 1893-cü il tarixdə Ordubad şəhər sakini Balabəy Əlixanov və Ordubad şəhər polis hissəsinin rəisi, pristav Levintski aşağıdakı şərtlərlə müqaviləni bağladı.
 
Bu müqavilədə 10 şərt vardır.
 
1-ci şərtdə deyilir: "Müqaviləni mən, Balabəy Əlixanov, Ordubad polis idarəsi yanında 7 kazak üçün Ordubad şəhərinin Ambaras küçəsində olan 4 otaqdan ibarət mənzilimi, 7 at üçün nəzərdə tutulmuş tövləni, ayrıca həyəti, anbar, onlardan kazarma üçün nəzərdə tutulmuş iki otağı, uryadnik üçün kiçik otağı və yeni taxılı üçün nəzərdə tutulmuş otağı kirayə verirəm. Axırda imza yerində Balabəy Əlixanov yazmışdır. Gördüyümüz kimi, Balabəy çar Rusiyası dövründə həmişə familiyasını Əlixanov yazmışdır. Balabəy Əlixanovun fəaliyyəti haqqında Naxçıvan Diyarının təhqiqi üzrə Xüsusi Komissiyasının iclasının 6 N-li protokolunda qısaca məlumat var:
 
"Balabəy Əlibəyov haqqında Naxçıvan şəhərinin vətəndaşıdır. 
1917-ci ilə qədər 9 il Qars polis idarəsində tərcüməçi kimi xidmət edib, 8 il Qarsda polis zabiti olub. 1911-ci ildə istefaya çıxıb.
 
1917-ci ildə qədər pensiya alıb. 1917-ci ildən 1920-ci ilə qədər Urmiyada (İranda) polismeyster olub. 1920-ci ildən indiyə kimi sovet müəssisələrində xidmət edir. Hazırda Xalq Maliyyə komissarlığının maliyyə agentidir".
 
M.Bağırovun iştirak etdiyi həmin iclasda (4 aprel 1925-ci il) qərara alınır ki, Balabəy işdən çıxarılsın.
 
Bu sənəddə qısaca olaraq Balabəy Əlixanovun fəaliyyəti təsvir olunub. Hələliksə Balabəy Əlixanovun əlimizdə şəxsi işi olmadığından bəzi məsələləri aydınlaşdırmaq üçün hərtərəfli axtarışlara ehtiyac vardır. Həm də bu zaman onun yaşı yetmişdən yuxarı idi. Ordubad şəhərinin 1832-ci ildəki kameral siyahısına əsasən, 1925-ci ildə Balabəy Əlibəyovun artıq 93 yaşı vardı. Yəqin buna görə də həbs edilməmiş və sürgün olunmamışdır. Çünki zadəganəsilli Balabəy Əlibəyov 1920-ci ildən sonra siyasi idarələrin təqiblərinə məruz qalmış və hətta Əlixanov familiyasını dəyişmişdir.
 
Balabəy Əlixanovun Naxçıvan şəhərində təşkil etdiyi və öz şəxsi evində yerləşdirdiyi Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi haqqında ilk dəfə məlumat verən professor V.M.Sısoyevin yazdıqlarından məlum olur ki, o, 1927-ci ildə həmin muzeydə olub və böyük təəssürat almışdır. Onun yazdığına görə, bu muzeydə Naxçıvanın tarixinə, arxeologiyasına aid qiymətli materiallar olmuşdur. Muzeydə sərgidə nümayiş etdirilən əşyalar, həmçinin, sənədlər haqqında məlumat vermişdir: "Yaxşı qədim sırğalar, böyük qədim xalçalar, qələm qabları (qələmkarlar), qədim şərq fars parçaları (qumaş), üstünlük təşkil edən az miqdarda (43 ədəd) sikkə kolleksiyası, XIX əsrin əvvəllərində torpaq mülkiyyətinə aid bir neçə farsca fərman, qəhvəyi rənglənmiş kiçik kərpic və s.".
 
Tarixçi alim V.M.Sısoyevin təsvir etdiyi etnoqrafiya muzeyi iki otaqda və çox da böyük olmayan keçid dəhlizdə yerləşirmiş. Burada İştar ilahəsinin kahinlərinin, "Şamaş" adlı qara daşın olduğunu yazan V.M.Sısoyev nümayiş etdirilən Babil silindrindən (üzərində mixi yazı və naxışları olan) də söhbət açaraq yazır: "Silindr, görünür, çox uzaq keçmişə, yəni təxminən xristian erasından 1000 il əvvələ, hətta lap əvvələ aiddir.
 
Buradaca qeyd edək ki, axtarışlar apararaq etnoqrafiya muzeyinin sərgi salonlarında nümayiş etdirilən əşyaların xeyli hissəsinin fotoşəkillərini tapmışıq. Fotolar Naxçıvanda Etnoqrafiya Muzeyinin sərgi salonlarında çəkilib. Milli təəssübkeşlik göstərən jurnalist Mənsim Fərəcovun  albomu əvəzsiz tarixi mənbədir. O, 40 il "Bakinskiy raboçiy" qəzetinin Naxçıvan üzrə müxbiri olmuşdur.
 
Muzeydə olan V.M.Sısoyev Balabəylə görüşüb-görüşmədiyi haqda heç nə yazmayıb. Etnoqrafiya muzeyində bəzi iradları qeyd edən professor hesabatının sonunda yazır: "Hər halda muzey Naxçıvanın diqqətəlayiq yerlərindədir və çox az şəhər belə muzeyi ilə öyünə bilər".
 
Axtarışlar göstərir ki, Balabəy Əlixanov Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi üçün eksponatları hələ gənclik illərindən müxtəlif şəhər və kəndlərdən toplayıb. Ona bu işdə Naxçıvan tarixinə olan sönməz sevgisi və vətənpərvərlik hissi həmişə köməklik göstərib. Hələ 1863-cü ildə Naxçıvan şəhər polis idarəsində tərcüməçi işləyən Balabəy Əlixanovun 1860-cı ildə İrəvanın məşhur zadəganları arasında olması və şəkil çəkdirməsi yuxarıda söylədiklərimizi təsdiqləyir...
 
Balabəy Əlibəyovun (Əlixanovun) Naxçıvanda yaşayan varislərinin dediyinə görə, onun həyat yoldaşı Şeyda xanım olub. Onların nikahından Humay adlı qızları anadan olmuşdur. Humay xanım Hüseynağa Hüseynovla ailə qurmuş və bu nikahdan 4 oğulları olub. Humay xanımın nəvələrinin dediyinə görə, Balabəy Əlibəyov II Dünya Müharibəsi başlayanda sağ deyilmiş. Onun təxminən XX əsrin 30-cu illərində vəfat etdiyini söyləyirlər. Əsl həqiqəti tapılan sənədlər təsdiqləyəcək.
 
Bu gün Naxçıvan Dövlət Tarix Muzeyinin keçdiyi inkişaf yolundan və təşəkkülündən ürəkdolusu danışmaq olar. Amma bir həqiqəti unutmaq olmaz ki, Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasında əsas baza M.V.Sısoyevin dili ilə desək, "Balabəy Əlibəyovun Naxçıvan Muzeyi" olmuşdur. Bu isə poliqlot, etnoqraf, tərcüməçi, Naxçıvanın qədim tarixinin bilicisi, böyük vətənpərvər Balabəy Əlibəyovun (Əlixanovun) vətən qarşısında əvəzsiz və unudulmaz xidmətidir.