Əliyar Səfərli

Əliyar Səfərli

Alim, diplomat

Əliyar Səfərli 28 dekabr 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur.

1943–1947-ci illərdə Anabad kənd məktəbində ibtidai təhsilini alan Əliyar Səfərli 1947-1951-ci illərdə Gənzə kənd yediillik məkətbində və Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Daha sonra 1955-1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır.

Əliyar Səfərli 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetində dərs demişdir. 1971-1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən etibarən yenidən Bakı Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Ədəbiyyatşünas 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Daha sonra 1992-1994-cü illərdə Təhsil Nazirliyində Ədəbiyyatşünaslıq bölməsinin sədri vəzifəsini icra etmişdir.[1][3] Əliyar Səfərli 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətini davam etdirmişdir. 2000-2004-cü illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda baş elmi işçi, 2001-2002-ci illərdə Bakı Dövlət Universitetinin M.Cəlal adına Azərbaycan ədəbiyyatı tarixi kafedrasının kafedra müdiri vəzifəsini icra etmişdir. Daha sonra Nizami adına Ədəbiyyat İnstitutunda Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş elmi işçi və s. vəzifələrdə çalışmışdır.

Əliyar Səfərli Orta əsrlər Azərbaycan ədəbiyyatının tanınmış təqiqatçılarından olmuşdur. Alim həmin dövrlə bağlı əsərləri tədqiq etmiş, ilkin əlyazmalarını araşdıraraq mətn, lüğət və şərhlərlə çap etdirmişdir. O, "Şəhriyar", "Dastani-Əhməd Hərami" dastanlarını, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Məhəmməd Əmani, Məsihi, Məhcur Şirvani, Şah İsmayıl Xətainin "Keçmə namərd körpüsündən" (1988), Məhəmməd Füzulinin "Qoy məni dərdimlə" (1960), "Hədiqətüs-süəda" (1993) əsərlərinin elmi-tənqidi mətnini hazırlayaraq nəşr etdirmişdir. İlk dəfə Məsihinin "Divan"ını (1998) aşkarlayaraq geniş ön söz, lüğət və şərhlərlə elmi ictimaiyyətə təqdim etmişdir. Son illərdə "Divan ədəbiyyatı sözlüyü" kitabı və "Kitabi Dədə Qorqud" abidəsi üzərində tədqiqatla məşğul olmuşdur. Əliyar Səfərli 50-dən artıq elmi kitab və 500-dən artıq elmi məqalənin müəllifidir. Əliyar Səfərli 1966-cı ildə "Məsihi və onun "Vərqa və Gülşa" poeması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1983-cü ildə isə "XVII-XVIII əsrlər Azərbaycan epik ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1998-ci ildə Bakı Dövlət Universitetinin Azərbaycan Ədəbiyyatı tarixi kafedrasının professoru elmi rütbəsini almışdır.

Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərmişdir. 1994–1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra etmiş, 1997-ci ildə İqtisadi Əməkdaşlıq Təşklatının (EKO) Daimi Nümayəndələr Şurasının yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin olunmuşdur