Hatəmbəy Ordubadi

Hatəmbəy Ordubadi

Dövlət xadimi, mədəniyyət himayəçisi

Hatəmbəy Məlik Bəhrambəy oğlu Ordubadi (?, Ordubad şəhərində - 25.05.1610, Məşhəd) - dövlət xadimi, mədəniyyət himayəçisi.

Nəsirəddin Tusinin nəslindəndir. Atasının ölümündən sonra onun yerinə Ordubadın kələntəri vəzifəsinə təyin olunmuş, sonralar Xoy, Yəzd və Şiraz hakimlərinin yanında xidmət etmişdir. I Şah Abbasın [1587-1629] hakimiyyətinin ilk illərində Səfəvilər sarayında maliyyə işlərinə nəzarət etmiş, 1592-ci ildə vəzir (etimadüd-dövlə) təyin olunmuş, Səfəvilər dövlətinin siyasi və iqtisadi həyatında mühüm rol oynamışdır.

I Şah Abbas 1606-cı ildə Ordubada ziyarətindən sonra şəhəri soyurqal olaraq Hatəmbəy Ordubadiyə bağışlamışdı.

O, şəhərdə geniş abadlıq işləri aparmış, ictimai binalar tikdirmişdir. Elm və mədəniyyət xadimlərinə himayəçilik etmişdir.

Hatəmbəy Ordubadi bədii yaradıcılıqla da məşğul olmuş "Safı" təxəllüsü ilə türk (Azərbaycan) və fars dillərində şeirlər yazmışdır. Qəflətən vəfat etmiş Hatəmbəy Ordubadinin cənazəsi Təbrizə, sonra isə Məşhədə aparılmış, İmam Rza məqbərəsinin aşağı hissəsində dəfn olunmuşdur.