Əvəz Sadıq

Əvəz Sadıq

Jurnalist, nasir, redaktor, tərcüməçi

Əvəz Sadıq 1898-ci ildə Azərbaycanda Naxçıvanın Ordubad şəhərində anadan olmuşdur.

7 yaşında mədrəsədə, sonra Ordubad ali-ibtidai məktəbində təhsil almışdır. 1920-ci ildə yeni təşkil olunmuş məktəblərdə müəllimlik fəaliyyətinə başlamışdır. Birinci dərəcəli Ordubad məktəbində bir il işlədikdən sonra ordu sıralarına çağırılmış, 1921-1923-cü illərdə orada hərbi məktəbdə müəllimlik edib. Ordudan qayıtdıqdan sonra Ordubad qəza komsomol komitəsinə katib seçilmiş, Bakıda I Qafqaz komsomol qurultayında nümayəndə kimi iştirak etmişdir. 1924-1925-ci illərdə maarif işçiləri həmkarlar ittifaqının rayon komitəsinin sədri, şəhər teatrı klubunda müdir işləmişdir. Naxçıvan partiya-sovet məktəbində müəllimlik edən jurnalist eyni zamanda 1917-1931-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsilini artırmışdı.

Ədəbi fəaliyyətə 1920-ci illərdən başlayan Əvəz Sadıqöz məqalə və xəbərlərini "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və digər qəzetlərdə çap etdirirdi. 1925-1927-ci ildə "Şərq qapısı" qəzetinin redaktoru, 1927-1933-ci ilədək "İnqilab və mədəniyyət"(indiki "Azərbaycan") jurnalında məsul katib, "Kommunist" qəzeti, "Şərq qadını" jurnalı rekdasiyasında, 1934-38-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyatın tərcüməçisi və redaktoru kimi çalışıb. 1952-1956-ci illərdə "Molla Nəsrəddin"in xələfi "Kirpi" jurnalının redaktoru olmuşdur. İlk yazıları "Kommunist", "Yeni fikir", "Şərq qapısı" və s. qəzetlərdə dərc olunmuşdur. "Xatirələr" (1933), "Yeni gün" (1938), "Bizim adamlar" (1951), "Sabahı yaradanlar" (1953) adlı oçerk və hekayə kitablarının, "Mingəçevir" (1951) romanının müəllifidir. 1955-ci ildə "Nadürüstov və başqaları" toplusu adlı satirik əsərini yazmışdır. Tədqiqatlarda C. Məmmədquluzadənin "Ölülər", "Usta Zeynal", "Anamın kitabı" əsərlərinin Təbriz teatr səhnəsində oynadığı mühüm rol yüksək qiymətləndirilir. İkinci Dünya Müharibəsi başlayandan sonra 1944-cü ilədək Zaqafqaziya cəbhəsi siyasi idarəsində Tiflisdə təlimatçı-ədəbiyyatçı, 1994-cü ilədək isə "Vətən yolunda" cəbhə qəzetinin xüsusi müxbiri olub. Eyni zamanda Təbrizdə olarkən teatra rəhbərlik etmişdir. Ordudan tərxis olunduqdan sonra Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri, eyni zamanda 1946-1951-ci illər (indiki "Azərbaycan") jurnalında məsul katib olub. 1951-52-ci illər Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi olmuş Əvəz Sadıq həmçinin fəal yaradıcılıqla məşğul olmuş, özü bədii əsərlər yazmaqla yanaşı, L.N.Tolstoy, M.Y.Lermontov, Lope de Veqa, Esxil, Sofokl və digər sənətkarların əsərlərini tərcümə etmişdir.

Xidmətlərinə görə bir çox medallara layiq görülmüşdü.