Hüseyn Məmmədov

Hüseyn Məmmədov

Siyasətçi

Hüseyn Məmmədov gəncliyində Bakı neft mədənlərində fəhləlik etmişdir. Bakıda hərbi siyasi məktəbi bitirdikdən sonra 1925-ci ilədək orduda siyasi rəhbər işləmişdir. Hüseyn Məmmədov 1920-ci ildə Kommunist Partiyasına üzv olmuş, 1930-cu ildən Qonaqkənd rayonu, 1934–1936-cı illərdə isə Masallı və Kürdəmir rayon MTS-lərində çalışmışdır. 1936–1938-ci illərdə Kürdəmir, sonra isə Qaryagin rayonu partiya komitəsinin katibi olmuşdur. 1938–1943-cü illərdə Azərbaycan SSR Xalq toxuculuq komissarının müavini olmuşdur. 1943–1951-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin katibi olmuşdur. 1951–1953-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 2-ci katibi, 1952–1963-cü illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. Hüseyn Məmmədov 1947-ci ildə Ağsu rayonu üzrə planların yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1–6-cı çağırış) deputatı olmuş, dəfələrlə Azərbaycan KP MK üzvü seçilmişdir. 3 dəfə ""Lenin" ordeni", "Qırmızı Əmək Bayrağı", "Qırmızı Ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. Dırnıs kənd məktəbi Hüseyn Məmmədovun adınadır.