Cabbar Xəlil oğlu Səttarov

Cabbar Xəlil oğlu Səttarov

Elm adamı - professor

Kənd Təsərrüfati heyvanlarının yemləndirilməsi və yemlərin texnologiyası üzrə elmlər doktoru, professor Cabbar Xəlil oglu Səttarov 14 aprel 1927-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində kolxozçu ailəsində anadan olmuşdur.
C.Səttarov 1943-cü ildə Ordubad Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmiş və həmin il Azərbaycan Kənd Təsərrüfat İnstitutunun Zootexnik fakültəsinə daxil olmuşdur. 1947-ci ildə institutu bitirdikdən sonra Ordubad rayonuna gənc kadr kimi təyinatla işə göndərilmiş və bir müddət o, Kənd Təsərrüfat şöbəsində baş zootexnik vəzifəsində işləmişdir.
Elmə böyük həvəsi və marağı olan C.Səttarov 1948-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna dəvət olunaraq Kənd Təsərrüfatı Heyvanlarının Yemləndirilməsi və Südçülük kafedrasında assent vəzifəsində işləmiş, 1949 cu ildə isə Kənd Təsərrüfatı heyvanlarının Yemləndirilməsi ixtisası üzrə aspiranturaya qəbul olunaraq Leninqrad Kənd Təsərrüfati İnstitutuna göndərilmişdir. 1952-ci ildə həmin institutda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür.
C.Səttarov 1952-ci ildən 1956-ci ilə qədər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda, 1956-1957-ci illərdə isə sabiq SSRİ MK-nin çağırışı ilə (otuz minçi kimi) kolxoz sədri vəzifəsində işləmişdir. 1958-1969-cu illərdə Naxçıvan Kompleks zona təcrübə stansiyasında şöbə müdiri, direktor, eyni vaxtda Naxçıvan keçmiş MSSR Kənd Təsərrüfatı Nazirinin müavini vəzifəsində işləmişdir.
Naxçıvan Muxtar Respublikasında işlədiyi müddətdə o, doktorluq dissertasiya işini tamamlayaraq 1969-cu ildə Leninqrad Kənd Təsərrüfatı Institutunda "Naxçivan Muxtar Respublikası şəraitində yemlərin keyfiyyət göstəriciləri, iri və xırda buynuzlu heyvanların tam dəyərli yem payları ilə yemləndirilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
C.Səttarov 1970-ci ildə Azərbayçan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda işləmək üçün işə dəvət olunmuşdur. O, qısa müddət ərzində mikroelementlər və vitaminlər laboratoriyasi təşkil edərək ona rəhbərlik etmiş, sonra institutun direktoru olmuşdur. 24 iyul 2014-cü il tarixədək həmin laboratoriyaya rəhbərlik etmişdir.
İnstitutda işlədiyi müddət ərzində C.Səttarovun rəhbərliyi ilə aparılmış elmi-tədqiqat işləri çox cəhətli və geniş olmuşdur. Onun tədqiqatları heyvandarlıq, yemləmə və yemlərin texnologiyası sahələrini əhatə etmişdir. O, tədqiqatlar zamanı bir sıra kimyəvi maddələrin, makro-mikroelementlərin, vitaminlərin, karbamid və zülal-vitamin konsentratlarının, müxtəlif kombinasiyalardan hazırlanmış qarışıq yemliqin mal-qaranın yemləndirilməsində roluna, yüksək keyfiyyətli qidali yemlirin hazırlanması problemlərinə xüsusi əhəmiyyət vermişdir.
C.Səttarov gərgin əməyi nəticəsində müxtəlif mövzulari əhatə ədən 20- yə yaxın təkliflər vermişdir ki, bunların əksərıyyəti istehsalatda geniş tətbiq olunmuşdur.
Heyvandarlıqda karbamidin tətbiqi ilk dəfə olaraq C.Səttarov tərəfindən öyrənilmiş və onun tətbiqinə nail olmuşdur.
Küləşdən səmərəli istifadə etmək məqsədilə ondan solomanajın hazırlanması texnologiyası və istifadəsi təklifi keçmiş Sovetlər İttifaqında ilk dəfə olaraq C.Səttarov tərəfindən hazırlanmışdır. Bu təklifə görə C.Səttarov 1985-ci ildə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin medalı ilə təltif edilmişdir.
C.Səttarovun rəhbərlik etdiyi laboratoriya əməkdaşları tərəfindən ilk dəfə olaraq respublikanın bütün təbii-iqtisadi bölgələri üzrə 90-dan artıq yem bitkilərinin mikroelement və vitamin tərkibi, heyvanların bu maddələrə olan tələbatının ödənilməsi məsələləri öyrənilmiş, respublika və rayonlar üzrə müvafiq kartoqramlar hazırlanmış və ondan istifadə etmək üçün 58 rayonun Aqrosənaye komplekslərinə təqdim edilmişdir.
C.Səttarovun 300-ə yaxin elmi əsəri, o cümlədən 20-dən artıq kitabça və tövsiyələri dərc edilmişdir.
Ümumiyyətlə, C.Səttarov əmək fəaliyyətinə başladığı vaxtdan bütün bacarıq və biliyini respublikada kənd təsərrüfatının, xüsusən də heyvandarlığın və yemçiliyin inkişaf etdirilməsinə həsr etmişdir.
C.Səttarov cox saylı ümumittifaq simpoziumlarında, konfranslarda, müşavirələrdə aktiv iştirak etməklə çox məzmunlu məruzələri ilə çıxışlar etməklə yemçilik elmini layiqincə təmsil etmişdir.
Respublikada kadrlarin hazırlanmasında C.Səttarovun xidmətləri böyükdür. O, yüzlərlə yüksək ixtisaslı kənd təsərrüfat mütəxəssisləri yetişdirmiş, 25 nəfərdən artıq aspirant və disertanta rəhbərlik etmişdir.
Bütün bu xidmətlərə görə C.Səttarovun əmək fəaliyyəti hökumətimiz tərəfindən yüksək qiymətləndirilmiş o, "Xalqlar dostlugu" ordeni, bir sıra medallarla və fəxri fərmanlarla təltif edilmişdir. C.Səttarov müharibə və əmək veteranıdır. Dörd övlad atası olmuşdur.
Cabbar Xəlil oğlu Səttarov 25 iyul 2014-cü ildə 87 yaşında vəfat etmişdir.