Fəxrəddin Məmmədov

Fəxrəddin Məmmədov

Alim

Məmmədov Fəxrəddin Sadıq oğlu Texnika elmləri doktoru, professor. 

Yaxın Şərq Universitetinin vitse‐prezidenti, mühəndislik fakültəsinin dekanı

Məmmədov Fəxrəddin Sadıq oğlu 1947-ci il sentyabrın 30-da Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.

1970-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu (AzNKİ, indiki Azərbaycan Neft və Sənaye Universiteti) bitirib və iki il Məlumatların ötürülməsi sistemləri elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb.

1972-1977-ci illərdə F.Məmmədov M.Əzizbəyov adına AzNKİ-nin aspiranturasında oxuyub. 

1982-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 

Onun dissertasiya işi neft sənayesində informasiyanın ötürülməsi və emalı sisteminin yaradılmasına həsr edilmişdi. 

1986-cı ildə F.Məmmədov dosent seçilib. 

O, müəllimlik fəaliyyəti ilə yanaşı, magistral neft-qaz boru kəmərlərinin texniki vəziyyətinə nəzarət sistemi elmi-tədqiqat qrupuna başçılıq edirdi. 

“Quyuların profilemetriyası” və “Magistral neft-qaz boru kəmərlərinin texniki vəziyyətinə nəzarət” adlı mövzular üzrə tədqiqatlar SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarlarına uyğun olaraq yerinə yetirilmişdi.

1987-1988-ci illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində intensiv fransız dili kursunu öyrənib, həmçinin Pol Valeri adına III Monpelye Universitetində (Fransa) dil kursu keçib.

1988-1994-cü illərdə Əlcəzairdə, Sidi-Bel-Abbes və Bumerdes universitetlərində işləyib. F.Məmmədov müəllimlik fəaliyyəti ilə yanaşı, sistemlər və siqnallar elmi- tədqiqat laboratoriyasını yaradıb. 

1990-cı ildə Əlcəzairdə işləyən sovet mütəxəssis- lərinin İttifaqının sədri seçilib və 1995-ci ilə qədər orada işləyib.

1993-cü ildə F.Məmmədova informasiya texnologiyaları sahəsində professor elmi adı verilib. 

1995-ci ildə o, Yaxın Şərq Universitetində işləmək üçün Şimali Kipr Türk Respublikasına (ŞKTR) dəvət edilib.

1997-2000-ci illərdə elektronika və telekommunikasiya kafedrasının müdiri olub. 

2001-ci ildən bu günə qədər ŞKTR Yaxın Şərq Universitetinin vitse-prezidenti, həmçinin mühəndislik fakültəsinin dekanıdır.

Son 20 ildə F.Məmmədov məlumatların işlənməsi və ötürülməsi sistemləri ilə bağlı elmi-tədqiqat və müəllimlik fəaliyyəti ilə məşğul olur. Telekommunikasiyalara, nəzarət sistemlərinə, peyk sistemlərinə, optik-lifli rabitə sistemlərinə dair mühazi- rələr oxuyur.

Onun elmi məqalələri ingilis, fransız və rus dillərində indeksləşdirilmiş referativ jurnallarda dərc edilib. 

5 patentin sahibi, ingilis dilində nəşr edilmiş dərs vəsaitləri- nin, həmçinin “Telekommunikasiya”, “Nəzarət sistemləri”, “Əsas rabitə sistemləri”, “Məlumatların işlənməsi sistemləri”, “Kriptoqrafiya və kodlaşdırma nəzəriyyəsi” adlı 5 kitabın müəllifidir.

F.Məmmədov müxtəlif illərdə elektronika və kompyuter texnologiyaları sahə- sində çoxsaylı beynəlxalq elmi-texniki konfransların sədri olub.

F.Məmmədov elmi işlə bərabər, ŞKTR-də Azərbaycan diasporunun işində fəal iştirak edir. 

2005-ci ildə Azərbaycan mədəniyyət mərkəzini təsis edib, “Məhəmməd Füzuli və türk mədəniyyəti və incəsənəti tarixində onun rolu”, “Dədə Qorqud və türk dastanları: keçmiş və gələcək” beynəlxalq konfranslarının təşkilat komissiyasının sədri olub. 

Həmin konfranslarda Azərbaycan alimləri ilə yanaşı, dünyanın iyirmi ölkəsindən nümayəndələr iştirak edirdilər. F.Məmmədov dəfələrlə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı toplantılar, konfranslar və başqa sosial tədbirlər təşkil edib. 

Onun fəaliyyətinin nəticələrindən biri də Şimali Kipr Türk Respublikasının paytaxtı Nikosiyanın mərkəzi prospektinə Heydər Əliyevin adının verilməsi olub.

Hazırda Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektor.