Məmməd Səid Ordubadi

Məmməd Səid Ordubadi

Yazıçı, şair, dramaturq, ədəbiyyatçı.

Məmməd Səid Hacıağa oğlu Ordubadi 1872-ci ildə Ordubadda doğulmuşdur. Yazıçı, şair, dramaturq, ədəbiyyatçı. Azərbaycanın əməkdar incəsənət xadimi. Evdə təhsil almışdır. Çox erkən yaşlarında atasını - şair Hacıağa Fəqiri itirmişdir. 14 yaşında ipək kombinatında işləməyə başlamışdır. İlk şeirini 1903-cü ildə "Şərqi-Rus" qəzetində dərc etdirmişdir. İlk şeirlər kitabını "Qəflət", 1906-cı ildə nəşr etdirmişdir. O dövrün qəzetləri - "İrşad", "Tərəqqi", "Tazə həyat", "Birlik" və "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmişdir. Satirik şeirlər, felyetonlar yazmışdır. "Vətən və hürriyyət" kitabında azadlığa çağırış aşkar hiss olunurdu. "İki çocuğun Avropaya səyahəti" və "Bədbəxt milyonçu" romanlarında İrandakı feodal rejimini kəskin tənqid etməklə, xalq kütlələrinin maariflənməsinə çağırır. "Dumanlı Təbriz", "Döyüşən şəhər" və "Gizli Bakı" romanlarında Azərbaycanda gedən xalq azadlıq hərəkatından bəhs olunur. "Qılınc və qələm" romanı orta əsrlər Azərbaycanında şərqin böyük şairi Nizami Gəncəvinin həyatından bəhs edir. M. S. Ordubadi bir sıra dramatik əsərlərin, opera və operetta librettolarının, habelə ədəbi publisistik yazıların müəllifidir. A. S. Puşkinin "Bağçasaray fontanı" və "Boris Qodunov" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. M. S. Ordubadinin əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunmuşdur. Şeirlərinə F. Əmirov və S. Rüstəmov mahnı və romanslar yazmışlar. Məmməd Səid Hacıağa oğlu Ordubadi dəfələrlə Azərbaycan Ali sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. 1950-ci ildə Bakıda vəfat etmişdir. Respublikada onun adı küçə, kitabxana, və məktəbə verilmiş, Ordubadda ev-muzeyi yaradılmış, Ordubadda və Naxçıvanda büstləri qoyulmuşdur.