Məmmədəli Sidqi Səfərov

Məmmədəli Sidqi Səfərov

Müəllim, yazıçı, jurnalist

Məmmədəli Məhəmməd Tağı oğlu Səfərov; 1888, Ordubad, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1956, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — müəllim, yazıçı, jurnalist / "İrşad" qəzetinin əməkdaşı (1906–1908), "Molla Nəsrəddin"in müvəqqəti redaktoru (1910–1911) olmuşdur. Məmmədəli Sidqi Səfərov 1888-ci ildə Ordubad şəhərində məşhur maarifçi ədib Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açmışdır. Ailə çoxuşaqlı olmuşdur. Ordubadda qısa müddətdə müəllim kimi şöhrətlənən Məhəmməd Tağı Sidqi 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunmuş, maarifçilik fəaliyyətini burada davam etmişdir. Məmmədəli Sidqinin qeydlərindən öyrənirik ki, atası əvvəlcə Naxçıvana tək gəlmiş, bir il sonra, yəni 1895-ci ildə onu da yanına gətirərək "Məktəbi-tərbiyə"də təhsil almağa qoymuşdur. Ailə isə 1896-cı ildə Naxçıvana köçmüşdür.[2] 1894–1900-cü illərdə "Məktəbi-tərbiyə"də ilk təhsilini almış, sonra isə Naxçıvan şəhər rus-müsəlman məktəbində oxumuşdur. Tərcümeyi-halında yazır: "Mən o zaman 6 sinifli şəhər məktəbində rus dilində oxuyurdum. O zaman mənim 16 yaşım hələ tamam olmamışdı. Atamın vəfatından sonra mən hələ iki il o məktəbdə oxumalı idim. Naxçıvan camaatı və atamın yaxın dostları ailəmizin başsız qaldığını nəzərə alaraq, öz aralarında pul topladılar və atamın yaxın dostlarından Şahbaz ağa Kəngərlinskiyə tapşırdılar ki, mən məktəbi bitirib işləyənə qədər ailəyə dayaq olsun". Sonra Məmmədəli Sidqi təhsilini tamama yetirmiş, imtahan verərək müəllimlik hüququ qazanmış və 1906-cı ildən etibarən Naxçıvan şəhərində, Şahtaxtı, Qıvraq və Qahab kəndlərində müəllimlik etmiş, qısa müddətdə bacarıqlı pedaqoq kimi tanınmışdır.[3] 1906–1907-ci illərdə Naxçıvan şəhərində müəllim işlədiyi zamanlarda azadlıq hərəkatında iştirak etmiş, bəzi həmfikirləri ilə birlikdə gizli yolla siyasi məzmunlu intibahmnamələr hazırlayıb yaymışlar. 1907-ci ilin əvvələrində evində polislər tərəfindən mühasirəyə alınaraq axtarış edilmiş və heç bir şey tapılmadığına görə toxunan olmamışdır. Lakin yoldaşları Boqoslavski, onun bir nəfər gürcü yoldaşı və iki nəfər naxçıvanlı (Heydər Məmmədov və Nəcəfqulu Nəcəfov) həbsə alınıb sürgün edildilər. Məmmədəli Sidqini isə Naxçıvan məktəbindən çıxarıb kənd məktəblərinə müəllimliyə göndərdilər.[4] Çarizmin yerli məmurları azadfikirli bir gənc pedaqoq və qələm əhli kimi Məmmədəlidən şübhələnir və onu gözdən qoymurdular. Bir qədər sonra o, evinin axtarılmasını əldə bəhanə edilərək 1910-cu il iyun ayının 1-dən vəzifəsindən kənar edildi. Beləliklə Məmmədəli Sidqi çox sevdiyi müəllimlik peşəsindən uzaqlaşdırılır. 1911-ci ildə bir müddət Aşqabadda müəllimlik edir. Sonra Vətənə dönərək Bakıda və Bülbülə kəndində müəllimlik edir, eyni zamanda, mətbuat, teatr sahəsində çalışır, səmərəli fəaliyyət göstərirdi. "Nicat" mədəni-maarif cəmiyyətinin üzvü olmuşdur. Məmmədəli Sidqi 1916–1917-ci illərdə Bakıda "Sovqat", 1918-ci ildə "Açıq söz" kimi mətbuat orqanlarında mütərcimlik etmiş, Bakı aktyorlar ittifaqında katib və suflyor işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Məmmədəli Sidqi ölkənin teatr həyatında fəallıq göstərmişdir. Bunlarla yanaşı 1919-cu ilin sentyabrından "Azərbaycan" qəzetinin redaksiyasında mütərcim, Azərbaycan Cümhuriyyəti Parlamentində katib vəzifəsində çalışmışdır. 1918–1919-cu illərdə şair Səməd Mənsurla həftəlik satirik "Şeypur" jurnalını nəşr etdirmiş[5], jurnalının redaktoru olmuşdur.[6] Sovet dövründə Məmmədəli Sidqi Azərbaycan Dövlət Teatr Truppasında inzibatçı, suflyor, "Kommunist" qəzeti redaksiyasında mütərcim kimi fəaliyyət göstərmiş, Azərbaycan zəhmətkeş və ədib şairlət ittifaqının katibi olmuşdur. Onun 1923-cü ildə "Kommunist" qəzeti redaksiyasında xronika şöbəsinin müdiri işləməsi də bəllidir. Həmin illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məlumat şöbəsinin müdiri kimi də fəaliyyət göstərmişdir. Həmçinin bir müddət "Sosialist Sumqayıtı" qəzetinin redaksiyasında da məsul işdə çalışmışdır.[7] Görkəmli ziyalı Məmmədəli Sidqi Səfərov 1956-cı ildə vəfat etmişdir. "Ədəbiyyat və incəsənət" qəzetinin 1 aprel 1956-cı il tarixli sayında başsağlığı dərc edilmişdir.